AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərə münasibətini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində futbol təsərrüfatımızın rəhbəri öncə bunları söyləyib:
"Normal iclas keçdi. Hər kəsə söz demək hüququ verildi. Berti Foqtsla yeni müqavilə bağlamağa qərar verdik. O, qarşıdakı 2 ildə də yığmamızı çalışdıracaq. Ondan xahiş etdik ki, ixtiyarındakı məşqçilərin sayını artırsın. İnanırıq ki, bundan sonra yaxşı nəticələrimizin sayı daha çox olacaq. Biz son tsikldə qazanılan 9 xaldan razılıq etsək də, Foqts özü narazı qaldığını bildirdi".
Abdullayev yığmamızın qarşısında AÇ-2016-nın final mərhələsinə vəsiqə uğrunda mübarizə aparmaq hədəfinin qoyulmasından da danışıb: "Təbii ki, yığmamızın qarşısında bir hədəf olmalıydı. Biz AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsinə çalışırıq, bunun üçün namizədliyimizi də irəli sürmüşük. Fikrimcə, AÇ-yə vəsiqə qazanmaq bizim üçün keçilməz sədd deyil. Buna nail ola bilərik".
AFFA prezidenti klubların qarşısına uşaq futbolu ilə bağlı daha sərt tələblərin qoyulacağını da bildirib: "Bəzi klublarda uşaq futboluna diqqət yetirilsə də, əksəriyyətində bu, yalnız kağız üzərindədi. Ona görə bugünkü iclasda belə bir qərar qəbul etdik ki, hər klubda uşaq futboluna nəzarət üçün AFFA-nın bir nümayəndəsi olacaq. Belədə, bundan sonra bütün klublarda nələr olacaqsa, hamısından xəbər tutacağıq".
Abdullayev klubların idarə heyətinin yaradılması yönündə aparılan işlərə də toxunub: "Klubların idarə heyətləri ilə də bağlı müzakirələr oldu. Yanvara qədər bütün klublara idarə heyətlərini formalaşdırmaq tapşırılığı verildi. İdarə heyəti futbol mütəxəssislərindən təşkil olunacaq. Bundan başqa hər klubun idarə heyətində ən azı bir AFFA nümayəndəsi iştirak edəcək. Əgər yanvara qədər klublar idarə heyətlərini formalaşdırmasalar, AFFA-nın sərt sanksiyaları ilə üzləşə bilərlər".





