Düzü, heç vaxt tez-tez məşqçi dəyişikliyinin tərəfdarı olmamışam. Təcrübə də göstərir ki, istər klub, istərsə də, yığma səviyyəsində bir məşqçiyə daim etibar edəndə gələcəkdə bu, öz bəhrəsini verir.
 
Futbol tarixində dəfələrlə belə halın şahidi olmuşuq. Sadəcə, Tanrı insanı səbirsiz yaratdığından, bu mənfi tendensiya futbola da təsir edir. Yəni bərbad nəticələr sıralanınca klub bossları məşqçi dəyişikliyi ilə vəziyyətdən çıxmaq qərarına gəlir.
 
Bütün bunların fonunda Berti Foqtsun 2008-ci ildən Azərbaycan millisini çalışdırması hardasa müsbət məqam kimi görünə bilər. Düzdü, almaniyalı mütəxəssis 3 tsikl boyunca millimizin nəticələrini yaxşılaşdıra bilməsəydi, təbii ki, öz postunu qorumazdı. Amma hər seçmə mərhələdə daha artıq xal toplamağımız Foqtsun burda "kök atması"na səbəb oldu.
 
Bəs, görəsən, bu gün AFFA-nın İcraiyyə Komitəsinin alman çalışdırıcının qarşısında yandırdığı yaşıl işıq yığmamızın gələcəyini işıqlı edəcəkmi? Doğrudanmı, İK Foqtsu saxlasa, bu, bizim işimizə yarayacaq? Gələcəyi görə bilməsək də, Foqtsun qarşısına tələblər qoymağa haqqımız çatır. Ən azı qarşıdakı tsikldə Bertidən nə gözləyək?
 
Foqts bizə nə verdi?
 
Əlbəttə, tələblə çıxış etməzdən öncə ötən 6 ildə Foqtsun yığmamıza nə verdiyinə qısaca da olsa, nəzər salmalıyıq. Əvvəla onu qeyd edim ki, Foqtsa qədər millimizin şərəfini qoruyan oyunçuların səviyyəsi necə idisə, indi də elədi. Düzdü, çempionatımızın səviyyəsi artıb. Amma Ruslan Abışovu istisna etsək, millimizin oyunçularının legioner həyatı yaşamaması "köhnə hamam, köhnə tas" prinsipinin qorunmasından xəbər verir. Amma yığmanın Foqtsa qədərki dönəmdəki çıxışıyla indiki oyunu bir deyil. Əvvəllər millimiz səfərdə oynayarkən Tanrıya böyükhesablı məğlubiyyətlə üzləşməmək üçün dua edirdiksə, indi uduzsaq belə, rəqibin əsəbləriylə oynayacağımıza əmin oluruq.
 
Heç uzağa getməyək, son tsikldə Portuqaliya millisi 60-cı dəqiqəyə qədər millimizin qapısına yol tapa bilmirdisə, Rusiya yığması son dəqiqədə penalti sayəsində bizi məğlub etdisə, deməli, nəyisə bacarırıq. Hələ mən Şimali İrlandiya və İsrail səfərindən xalla qayıtmaqdan danışmıram. Əlbəttə, mənfi hal kimi Lüksemburqla matçlarda 4 xal itirdiyimizi vurğulamaq olar. Amma Foqtsun komandasının özəlliyi ondan ibarətdi ki, "iki nömrə"ylə oynaya bilir. Bununla yanaşı, yığmamız 90 dəqiqə eyni səviyyədə çıxış edir. Əvvəllər matçın sonlarına doğru fiziki cəhətdən çatdırmamağımız acı sonluqla yekunlaşırdıqsa, Foqtsun dönəmində belə problemin şahidi olmuruq.
 
İnkişaf üçün bunlar hamısı önəmli məqamlardı. Bir seçmə mərhələdə 5, digərində 7, sonuncuda isə 9 xal yığmağımız isə aldadıcı məqamlardı. Əlbəttə, yuxarıda sadaladığım inkişaf trayektoriyası məhz xal hesabımızın daha da yaxşılaşmasına səbəb olur. Amma elə qrup da ola bilərdi ki, biz 4 xal da toplaya bilərdik. Sözümün canı odu ki, xal durumu bizi aldatmasın. Bəs yaxşı, Foqts indi bizə nə verəcək?
 
Stəkan dəyişməlidi, su qabı yox
 
Nəsə mən Azərbaycan millisini 200 qramlıq stəkana bənzədirəm. Stəkanın həcmi qədər onu su ilə doldura bilərsən. Ancaq daha sonra bura nə qədər su əlavə etsən də, o, yalnız öz həcmi qədər mayeni özündə saxlaya biləcək. Mənə elə gəlir ki, 9 xal Azərbaycan millisi üçün maksimumdu. Son seçmə mərhələdə Foqts bu maksimuma nail olmaqla bizi təəccübləndirdi. Sadəcə, biz öz həcmimizi bilmədiyimizdən Foqtsu saxlamaqla gələcəyimizə ümidlə boylanırıq. Elə bilirik ki, alman çalışdırıcını saxlasaq, gələn seçmə mərhələdə 11 xal toplayarıq. Nə qədər ki, biz stəkanımızı dəyişməmişik, "çaynik"ə qiymət verməyimiz düzgün olmazdı. Bu mərhələdə su qabını əvəzləməyimiz gələcəyimiz adına heç nəyi dəyişməyəcək. Ona görə də "isti yerdə oturub" Foqtsa "onu elə, bunu elə" deməklə yalnız özümüzü aldadacağıq.
 
Amma bu o demək deyil ki, almaniyalı çalışdırıcı eyni istiqamətdə yoluna davam etməlidi. Yola saldığımız 5 il ərzində Foqtsun yetərincə səhvləri olub. Bu dəfə Foqts həmin səhvləri təkrarlamamalıdı. Əlbəttə, mən səhv deyəndə xırda detalları nəzərdə tutmuram. Məsələn, Foqts müxtəlif eksperimentlər həyata keçirib oyunçuları öz mövqelərində oynatmamaqla müəyyən qüsurlara yol verirdi. Götürək elə cinah müdafiəçisi Maksim Medvedevin dayaq yarımmüdafiəçisi kimi oynamasından. Xeyli belə nümunə göstərə bilərik. Amma bunlar enində-sonunda yığmanın faciəvi çıxışına səbəb olmur.
 
Biz Foqtsun nöqsanları deyəndə Azərbaycana aidiyyatı olmayan Almaniyada doğulan türk oyunçuları bura gətirməsindən və çempionat matçlarımızı müntəzəm olaraq izləməməsindən danışırıq. Əlbəttə, Foqts mətbuata son açıqlamasında yeni müqavilə imzalanacağı halda, Premyer Liqa matçlarını müntəzəm olaraq izləməli olduğunu və bunun qarşısında tələb kimi durduğunu söyləyib. Ancaq Foqtsun çempionatımızın matçlarını izləməsi ruslar demişkən, "radi qaloçki" olmamalıdı. Almaniyalı çalışdırıcı indiyə qədər yığmaya çağrılmayanlara dəvət göndərməli və nadir hallarda millinin düşərgəsinə təşrif buyuranlara yenidən şans verməlidi. Belə olacağı təqdirdə məhz türkiyəli oyunçuların ayağını yığmadan kəsmək olar. Bunları həyata keçirəcəyimiz halda gələcəkdə millinin oyunundan nəsə gözləmək olar. Özü də bu sadaladıqlarım Foqtsun özündən asılıdı. Ondan asılı olmayan məqamlardan isə danışmaq istəmirəm. Foqtsdan asılı olmayan problemlər sırf futbolçularımızın "kafa"sında kök salıb. Yəni hər nə qədər ki, millimizin aparıcı üzvləri pulu seçib legioner həyatı yaşamaq fikrindən uzaq olacaq, biz uzağa gedə bilməyəcəyik. Bu gün Ermənistan millisinin uğuru məhz bununla bağlıdı. Halbuki onların məşqçisi nə Foqts, nə də Trappatonidi. Dortmund "Borussiya"sı və Moskva "Spartak"ının oyunçularına güvənməklə Vardan Minasyan sakitcə başını aşağı salıb işini görür. Bizim futbolun isə qlobal problemi var. Yoxsa, xal hesabıyla məşqçiyə qiymət vermək düzgün deyil. Məsələn, ÇL-də "Zenit" 6 xalla qrupdan çıxmağı bacardısa, "Napoli" 12 xalla qrupda qaldı. Bu heç də "Napoli"nin "Zenit"dən daha faydalı olduğu anlamını vermir. Əsas kəmiyyət yox, keyfiyyətdi. Hərə məsuliyyətini öz boynuna götürsə, baş məşqçi məsələsi elə də böyük əhəmiyyət kəsb etməyəcək. Hazırkı durum düzəlməsə, Foqtsun burada qalması heç nəyi dəyişməyəcək.
 
MURAD
Shares: