Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Zohair Benuahi Mərakeş mətbuatına müsahibəsində Azərbaycan millisində oynamaq istədiyini yazıb. Cənub klubunun yarımmüdafiəçisi futbolinfo.az saytına açıqlamasında Mərakeş yığması ilə bağlı yaranan problemdən, eləcə də millimizə çağırılmaq perspektivindən danışıb:
"Yayda "Xəzər Lənkəran"la Avropa Liqası çərçivəsində İsraildə oynadım. Hayfa "Makkabi"si ilə qarşılaşmada iştirakıma görə, Mərakeş yığmasına çağırılmağım düyünə düşdü. Müsəlman ölkələri ilə İsrail düşmən olduğu üçün Mərakeş millisinin baş məşqçisi məni heç vaxt milli komandaya dəvət etməyəcəyini bildirdi. Bununla bağlı Mərakeş mətbuatı da mənimlə əlaqə saxlamışdı. Onlara da bu haqda danışmışam. Azərbaycan yığmasında oynamaq istəyimi də həmin vaxt demişdim. Ötən mövsüm AZAL-da oynayanda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts məni milli komandaya çağırmaq istəyirdi. Sonra o da alınmadı. Bundan başqa heç bir söhbət olmayıb".





