Ötən gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Gözlənildiyi kimi, Berti Foqts milli komandamızın sükanı arxasında saxlanıldı. Özü də növbəti 2 il müddətinə. Düzdü, bu dəfə alman mütəxəssisin qarşısında daha ciddi tapşırıqlar qoyuldu. O, ölkəmizdə daha çox vaxt keçirməlidi, çempionatın oyunlarını əvvəlkindən də artıq izləməlidi, milli komandamızı AÇ-2016-nın final mərhələsinə çıxarmalıdı və sair.
 
Amma əslində Foqtsu yenidən saxlamaqla özümüzü aldatmış olduq. Axı Foqts şaxta baba deyil. Heç biz də uşaq deyilik. Hər bir insan həyatda ən yaxşı nə varsa, onu arzu edir. Kim daha çox çalışırsa, onun da arzusu həyata keçir. Bəziləri üçün isə bu, sadəcə arzu olaraq qalır. Elə AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq da bizim üçün arzu olaraq qalacaq. Foqts bəlkə də buna nail ola biləcək potensiala malikdi. Amma Azərbaycan futbolunun indiki durumu, yığmamızın şərəfini qoruyan futbolçuların səviyyəsi barədə eyni sözü demək olmaz.
 
Foqtsun millimizdə qalması dəqiqləşəndən sonra bir neçə yerli mütəxəssislə əlaqə saxlayıb onun postunda saxlanılmasına münasibət öyrəndik. Gözlədiyimiz kimi, əksəri bunu qısqanclıqla, narazılıqla qarşıladı. Müsahiblərimiz hətta bizi istehza ilə təbrik edib, "gözünüz aydın" deməkdən də çəkinmədilər. Bir anlıq özümüzü günahkar kimi də hiss etdik: sanki, Foqtsu yığmamızın sükanı arxasında biz saxlamışıq. Yerli mütəxəssislərin bu narazılıqları başadüşüləndi. Axı yerli məşqçilərdən hələ heç kimə milli komandamızda belə bir imkan yaradılmayıb. Halbuki, bunu, tək yığmamızda çalışanlara yox, ümumiyyətlə klublarımızda çalışan yerli məşqçilərə də şamil etmək olar.
 
Son aylarda millimizin baş məşqçi postuna "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun adı daha çox hallanırdı. Bu da müəyyən mənada normal hal idi. Çünki, Qurbanov həm komandasının sərgilədiyi baxımlı futbola, həm də avrokuboklardakı uğurlarına görə daim diqqət mərkəzində olub. Çox güman ki, onun milliyə gətirilməsini arzulayanlar indi çox təəssüflənirlər. Hər halda millimizin onun rəhbərliyi altında daha böyük uğurlar qazanacağına inananları başa düşmək olar. Lakin biz yığmamızın gənc mütəxəssisə tapşırılmamasını qloballaşdırmaq fikrində deyilik. Sözümüzün canı başqadı.
 
Əslində Qurbanov digər azərbaycanlı məşqçilərlə müqayisədə bəxtəvər insandı. Futbolçu karyerasını başa vurduqdan sonra "İnter"də idman drektoru vəzifəsində çalışdı. 2006-cı ildə Rövnəq Abdullayev və Ramin Musayevin  səyləri nətiçəsində "Neftçi"yə baş məşqçi gətirildi. Ancaq burada işi uğurlu alınmadı. 2008-ci ildə isə "Qarabağ"ın sükanı arxasına keçdi. Qurbanov Ağdam klubunun baş məşqçi postunda 5 ildi fəaliyyət göstərsə də, bu müddət ərzində onun bir dənə də çempionluğu yoxdu. Yuxarıda da qeyd etdiyimiz kimi, sadəcə komandasının sərgilədiyi baxımlı və hücum futbolu, avrokuboklardakı hər çıxışında qrup mərhələsinin bir addımlığına qədər irəliləməsi onu çoxlarına sevdirib. Amma klub rəhbərliyi və "Qarabağ" camiəsi heç vaxt onu komandasının çempion edə bilmədiyinə görə qınamayıb. Halbuki, digər azərbaycanlı mütəxəssislər ardıcıl bir neçə uğursuzluq olan kimi postundan uzaqlaşdırılır.
 
Bəs görəsən niyə hər kəs yalnız Qurbanovu milli komandamıza ən ideal namizəd hesab edirdi? Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov, Yunis Hüseynov, adını çəkmədiyimiz digərləri niyə heç yada düşmədi? Onlar çalışdıqları klublarda özlərini isbatlaya bilmədiklərinə görəmi? Diniyev, Sadıqov kimi məşqçilər hazırda çox da böyük imkana malik olmayan "Rəvan", AZAL kimi klublarda özlərini necə sübut edə bilərlər ki, düz-əməlli heyətləri belə yoxdu. Düzdü, deyə bilərsiz ki, Hüseynov bir müddət əvvəl çox yaxşı imkana malik "Xəzər Lənkəran"da çalışırdı, uğur qazanardı. Amma "ağ-yaşıllar" onu nə qədər baş məşqçi postunda saxladı? Cəmi bir neçə ay. Halbuki, AFFA-nın Foqtsa verdiyi indiyəqədərki 6 ilin yarısı Yunis bəyə göstərilsəydi, o da özünü göstərə bilərdi. Eyni sözləri "Neftçi"dən uzaqlaşdırılan Tərlan Əhmədova da aid etmək olar. Cəmi bir neçə turdu "Neftçi"nin sükanı arxasında çalışan Nazim Süleymanovun bərkiməyən kreslosunun sirkələnməsi də eyni anormallığın nəticəsidi. Halbuki, yığmamızda və "Qarabağ"da olduğu kimi, digər klublarımızda da məşqçilərə uzun müddət güvənməyə ehtiyac var. Xüsusilə də yerli mütəxəssislərə. Elə olsaydı, indi yığmaya tək Qurbanov yox, digərləri də layiqli namizəd kimi göstərilərdi, Foqtsun alternativləri daha çox olardı.
 
EMİN SƏFƏROV
Shares: