Cari mövsüm “Beşiktaş”ın iki portuqal ulduzu Uqo Almeyda və Manuel Fernandesin komandadan ayrılma ehtimalı günbəgün güclənir. Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu müqaviləni yeniləmək təklifinə müsbət cavab verməkdən imtina edir.
 
İddialara görə, Almeyda karyerasını İngiltərədə  davam etdirə bilər. “Vest Hem” 29 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Portuqal futbolçu komandanın çalışdırıcısı Sem Ellerdayzla telefon əlaqəsi də yaradıb. Danışıqlar müsbət nəticələnərsə, təcrübəli forvard mövsüm sonunda İngiltərə klubuna keçəcək.
 
Fernandes isə karyerasını ölkəsi Portuqaliyada davam etdirmək niyyətindədi. “Ağ-qaralı” komandaya gəldiyi gündən bəri oynadığı futboldan çox gecə həyatı və intizamsız hərəkətləri ilə gündəmə gələn yarımmüdafiəçinin ayrılmasına artıq rəhbərlik də razılıq verib. Onun yanvarda ölkəsinin “Benfika” klubuna keçəcəyi deyilir.
Shares: