AFFA-nın İcraiyyə Komitəsi avqust ayında keçirdiyi iclasda Premyer Liqa klubları ilə bağlı qərar qəbul etmişdi. Futbolinfo.az xəbər verir ki, komitə elita təmsilçilərində minimum 5 nəfərdən ibarət İdarə Heyətinin yaradılması barədə qərar vermişdi.
Öncə həmin qərara nəzər salaq: "Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonundək başa çatdırılsın".
Bu məsələyə artıq bir dəfə toxunmuşduq. Bir müddət öncə keçirdiyimiz sorğuda bəzi klublarda hələ də hazırlıq işlərinin getdiyi məlum olmuşdu. Ötən gün İK-nın iclasında bu məsələyə bir daha baxıldı və yeni qərar qəbul olundu: "İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrasının müddəti 2 ay uzadılsın. Göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq". Elə AFFA prezidenti Rövnəq Abdullayev də dünən mətbuata verdiyi açıqlamada təyin olunan vaxta qədər bu işin klublar tərəfindən həll edilməsinin vacibliyini önə çəkmiş, əks təqdirdə AFFA tərəfindən qaydalara əsasən cəzalar tətbiq olunacağını demşdi.
Artıq 2013-ün başa çatmasına sayılı günlər qalıb. Görəsən klublar bu işlə nə dərəcədə məşğul olur?
Gündüz Abbaszadə ("Neftçi"nin mətbuat katibi): "Biz Müşahidə Şurası ilə bağlı ilkin siyahını təqdim etmişik. Lakin siyahıda kimlərin olduğunu deyə bilmərəm. İcraiyyə Komitəsinin qərarına uyğun olan ilkin siyahımız artıq AFFA-ya təqdim olunub".
Nurlan İbrahimov ("Qarabağ"ın mətbuat katibi): "Qarabağ" klubunda məsələ ilə bağlı hazırlıq prosesi gedir. Ən qısa zamanda hazırlıq prosesi başa çatdırılacaq və siyahı AFFA-ya təqdim olunacaq".
Anar Hacıyev ("Qəbələ"nin mətbuat katibi): "Klub daxilində bu barədə söbət edilib. Amma yekun qərar verilməyib. Yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək. Qərar qəbul olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".
Səbuhi Məmmədov ("İnter"in mətbuat katibi): "AFFA-nın qərarından rəhbərliyin məlumatı var. Bu məsələ hələ müzakirə səviyyəsindədi. Rəhbərliyin bununla bağlı namizədləri var. Amma necə olacağı barədə dəqiq qərar yoxdu. Siyahı tam formalaşmayıb. Bütün işlər rəhbərliyin nəzarəti altındadı".
Rüstəm Allahverdiyev ("Simurq"un mətbuat katibi): "AFFA bu məsələ ilə bağlı əlavə 2 ay müddət verib. Yəqin ki, çempionatda fasilə olanda bununla bağlı işlərə başlanılacaq, konkret işlər görüləcək və bu haqda ictimaiyyətə məlumat veriləcək".
Eldəniz Yusifov (AZAL-ın mətbuat katibi): "AZAL-da artıq sənədləşmə işləri gedir. Dünən İK iclasda müddəti 2 ay artırdı. Təxminən yanvarın axırına məsələ öz həllini tapacaq".
Hüseyn Cəbrayıloğlu ("Xəzər Lənkəran"ın mətbuat katibi): "İdarə heyətinin yaradılması ilə bağlı məsələni həll etmişik. Artıq siyahı AFFA-ya təqdim edilib. Siyahıda 5 nəfərin adı yer alıb. Bunlardan biri də veteran futbolçudu".
Elvin Yaqubov ("Rəvan"ın mətbuat katibi): "Bu barədə işlər davam edir. Demək olar ki, hər şey hazırdı. Müddət daha 2 ay artırıldı. Bu da rəhbərliyin hər şeyi rahat götür-qoy etməsinə şərait yaradır. Asan iş deyil. Bu məsələni düşünüb həll etmək lazımdı. Təyin olunan vaxta qədər siyahı tam hazır olacaq".
Qeyd edək ki, autsayder olmasına baxmayaraq "Sumqayıt" bu məsələni çoxdan həll edib. Belə ki, Sumqayıt təmsilçisi sentyabr ayında klubda Müşahidə Şurası yaratmışdı.
Klubların AFFA-nın İcraiyyə Komitəsinin qərarına necə önəm verdiyi göz qabağındadı. "Neftçi" siyahını təqdim edib, "Sumqayıt" isə bu işi bir neçə ay öncədən yekunlaşdırıb. Maraqlıdı, əgər İK dünənki iclasında müddəti artırmasaydı, onda klublar siyahını AFFA-ya 12 gün ərzində təqdim edə biləcəkdilərmi?
RÖVŞƏN ƏHLİMANOĞLU





