AFFA İcraiyyə Komitəsinin son iclasından şoka düşən olmadı. Futbol qurumumuz son 1-2 ayda elə təbliğat aparmışdı ki, artıq hamı çıxarılacaq qərarları damla-damla həzm etmişdi. Bu səbəbdən də zəhər tuluğunu Zəmzəm suyu kimi başımıza çəkdik və bizi öskürək tutmadı.
 
Hələ seçmə mərhələ bitərkən qazandığımız rekord sayda xal o qədər bəh-bəhlə təqdim edilmişdi ki, bu, Berti Foqtsun yığmada saxlanılacağına bəs etməliydi. Qırğızıstanla məlum yoxlama matçından sonra isə artıq İcraiyyə Komitəsinin bəzi üzvləri də ictimai fikri öyrənmək üçün almanın qalmasının tərəfdarı olmaları ilə bağlı açıqlamalar verməyə başladı. Bunun ciddi etiraz doğurmadığını gördükdə isə digər İK üzvləri təbliğat kampaniyasının əhatə dairəsini genişləndirdi və dekabrın 18-də sanki belə olmalıymış effekti verən qərarı reallaşdırdılar.
Foqts qalmalıydı, ya yox – artıq bu sualın müzakirəsi belə yersizdi. Şəxsən mən düşünürəm ki, yığmanın başında kimin olmasından çox milli komandada oynayanlar müzakirə edilməlidi. Azərbaycanda isə bir nömrəli komandada oynayacaq səviyyədə futbolçu çox azdı. O qədər azdı ki, Foqts istənilən Almaniya türkünün və ya dağıstanlinin üzünə millinin qapılarını taybatay açır. Elə bunun nəticəsidi ki, yığmamıza indiyədək bir fayda verməyən Cihan Özkaranın qardaşı Sinan da artıq 19 yaşlılardan ibarət millimizdə top qovacaq.
Foqtsun qarşısına tələb kimi qoyulan Azərbaycanda qalma şərtinə necə əməl olunacağını isə görəcəyik. İnanın ki, o, bizim tanıdığımız Bertidisə 21 gün pivəsiz qala bilməyəcək. İşə sevgi ürəkdə olmalıdı, İcraiyyə Komitəsinin qərarından doğan məcburiyyətdən yox. Ona görə də Foqtsu 2015-ci il dekabrın 31-dək ayın ¾-nü ölkəmizdə keçirən görməyəcəksiz. İnanmırsızsa özünüz hesablamağa başlayın.
Foqtsa elə səlahiyyət verilib ki, o, premyer-liqa klubları üçün iş planı tərtib edir. Belə ki, İK-nın digər qərarına görə, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olması lisenziyalaşdırma prosesində A dərəcəli meyar (mütləq) kimi qəbul olunub. Halbuki bu, özü absurd qərardı. Onsuz da klublar bunun vacibliyini özü dərk edir, daha onlara diqtə nəyə lazımdı? Sizə formallıq lazımdısa, bunu etmək çətin deyil.
Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktorunun təyin olunması isə lap gülməlidi. Onun məvacibi AFFA-nın hesabına ödənilirsə, bu o deməkdi ki, qurum sadəcə, hamını əhatə dairəsinə salır. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaqsa, daha idman direktorunun təyinatı nəyə lazımdı? Elə klublarımız var ki, onlarda struktur fərqlidi və heç belə posta ehtiyac duyulmur. Bəzilərində isə idman direktorları var. Belədə AFFA-nın təyin etdiyi yenilərlə klubların öz kadrlarının iş bölgüsü necə olacaq? Açmasını izah edən olsaydı, bilərdik.
İnanın ki, bu qərar İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasındakı digər qərarı kimi havadan asılı qalacaq. Həmin vaxt klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qəbul edilmiş qərarın icrası yerinə yetirilmədiyindən İK bu dəfə həmin müddəti 2 ay uzatmalı oldu. Çünki həmin qərar da absurd idi və peşəkar klubların müstəqil fəaliyyətinə təhdiddi. Orada da Müşahidə Şurasının tərkibinə AFFA-nın kadrının salınması şərti var və bu üzdən qərar havadan asılı qalıb.
Ümumiyyətlə, belə qərarlar klubların peşəkar klub kimi formalaşdırılmasına hesablanıb. Ancaq bunun üçün diqtə qanunlarından istifadə etmək olmaz, AFFA bunun üçün zəruri şəraiti yetişdirməlidi. Elə bir mühit olmalıdı ki, hansısa klub Müşahidə Şurasının yaradılmasının və ya uşaq və yeniyetmə futbolunun inkişafının vacibliyini üzərində hiss etsin. Bu zəruri şərait olmadıqca İK-nın istəyi ilə yaradılan qurumlar, təyin olunan idman direktorları fəaliyyəti ilə formallıq həddini aşa bilməyəcək.
İcraiyyə Komitəsində ideya müəllifi AFFA-nın baş katibi Elxan Məmmədov olan belə gülünc qərarların qəbul edilməsinin səbəbi var. Çünki İK özü yalnız əvvəldən yuxarı səviyyədə qəbul olunmuş qərarları təsdiq etmək üçün lazım olan formal quruma çevrilib. Hansısa qərar ciddi müzakirə obyekti olmursa, yekdilliklə qəbul edilirsə, deməli, fikir zənginliyinin yox, diqtənin məhsuludu. İK-da təmsil olunan klub rəhbərlərinin bütün qərarların lehinə səs verməsinin səbəbi aydındı, ən maraqlı olan İK-da məmurdan çox futbol adamı kimi təmsil olunanların mövqeyidi. Amma dərd orasındadı ki, ömrünü Moskva “Dinamo”suna həsr etmiş Ələkbər Məmmədov, oynadığı “Neftçi” SSRİ çempionatında daim quyruqda sürünən, məşqçi kimi isə hətta Valentin Xodukin qədər uğuru olmayan Kazbek Tuayev, ortabab futbolçu olduqdan sonra meydanlardan kənar düşüb yalnız məmur olmaq eşqiylə yaşayan İsgəndər Cavadov futbolumuzda inkişafla nəticələnən ideyaların müəllifi olmaq bacarığından uzaqdılar. Buna görə də Elxan Məmmədov istədiyi qərarın mətnini hazırlayıb İK-da təsdiq etdirə bilmək hüququna malikdi.
Bu gün İK-da daha müasir fikirli, avanqard veteranlar təmsil olunmalıdı. Saç-saqqalını meydanlarda ağartmış Ağasəlm Mircavadovun, cavan olmasına baxmayaraq, Avropa futbolu gördüyündən daha yenilikçi ola biləcək Vəli Qasımovun (adlar şərtidi – red.) və başqalarının İcraiyyə Komitəsində olması daha yaxşı olardı. Hətta Mehman Allahverdiyev də təşkilatçı kimi bir çoxlarından daha yaxşıdı. Bu şəxs nəinki Elxan Məmmədovun, ümumiyyətlə, İcraiyyə Komitəsinin yayda keçirilən iclasında qəbul olunan qərarı təkbaşına ləğv etdi. Belə ki, Gəncə futboluna kurator təyin edilən həmin Cavadovu Nizami yurduna buraxmadı və bu hüququ öz əlinə alıb təbəddülata nöqtə qoydu. Bir nəfərin iradəsi ilə qərarını dəyişməyə məcbur olan İK-nın indi klubları nəyəsə məcbur edəcəyinə inanırsızmı?
Shares: