Deyirlər ki, AFFA Berti Foqtsla təzə müqavilə bağlayanda onun qabağına daha sərt tələblər qoyub. Ayın üç həftəsini Bakıda keçirmək, çempionat oyunlarını izləmək – əşi, bunlar ən yüngül tələblərdi. "Nemes"lə bağlanan yeni müqavilədə elə bəndlər var ki, onlar mətbuata açıqlanmayıb. Amma futbolinfo.az bu barədə elə federasiyadakı mənbədən çox dəqiq məlumatlar əldə edə bilib. Beləliklə, gəlin Berti müəllimlə müqaviləyə salınan, amma ictmaiyyətə açıqlanmayan bəndlərə göz gəzdirək.
 
Foqtsun qarşısına qoyulan ağır tələblərdən biri budu ki, milli üzvləri olan futbolçulara düzgün ötürmə etməyi öyrətməlidi. Şəxsən AFFA prezidenti Rövnəq Abdullayevin ünvana çatmayan hər ötürməyə görə bərk əsəbləşdiyi deyilir. Ekspertlər hesablayıblar ki, oyun ərzində bizim qeyri-dəqiq ötürmələrin sayı həddən artıq çox olduğundan, bir çox rəhbər şəxsin infarkt olmaq təhlükəsi yaranıb. Deyilənlərə görə, elə buna görə də onlar millinin oyunlarına bacardıqca az baxır.
 
Foqts qarşıdakı iki il ərzində futbolçulara pulsuz oynamağı da öyrətməlidi. Son seçmə tsikldə heç-heçələrə və Şimali İrlandiya üzərindəki qələbəyə görə həddən artıq pul xərclənib. Hətta deyilənlərə görə, Berti Foqtsla son görüşdə "axrıncı tsikl SOKAR-ı müflis edib" deyilib. Elə buna görə də alman futbolçuları birtəhər dilə tutub, ikinci dünya müharibəsində alman əsgərlərinin döyüşlərini əks etdirən videolardan izlədib, onları böyük pul mükafatı olmadan da oynamağa sövq etməlidi. Milli üzvlərinə alman əsgərlərinin döyüş nümunələri təsir etməsə, onlara qarınlarına qumbara bağlayıb rus tanklarının altına atılan çeçen mücahidlərinin qəhrəmanlıqlarını göstərən videoların nümayiş etdirilməsi ehtiyat variantdı. Bu da təsir etməsə, futbolçulara Somalidə acından jımıx yeyən camaatın videolarının göstərilməsi nəzərdə tutulub.
 
Foqtsun iki il üçün qarşısına qoyulan tələblərdən biri də millidə rəqabət səviyyəsini yüksəldib, maksimum həddə çatdırmaqdı. Əldə etdiyimiz məlumata görə, alman bu tələbi eşidəndə mızıldanıb, etiraz edib, deyib ki, ölkədə futbolçu qıtlığı var. Amma ona çıxış yolunu göstəriblər. Foqtsa məsləhət görülüb ki, millidəki legionerlərin sayını bir az da çoxaltsın. Bunun üçün AFFA-nın baş katibi Elxan Məmmədov şəxsən özü öz xidmətini təklif edib. O deyib ki, menecer dostu Kamil Məmmədovun xarici klublarda gün keçirən xeyli sayda futbolçusu var, yığmamızı onlara təklif edə bilərlər. Məmmədovun bu təklifindən sonra Foqtsun yenə mızıldandığı deyilir. Ancaq bu dəfə onun mızıltı ilə dediklərini başa düşən olmayıb.
 
Sonda "nemes" yığmanı AÇ-2016-nın final mərhələsinə çıxarmaq haqda danışmaq istəyib. Amma ona danışmağa imkan verməyiblər. Deyiblər ki, sən buna görə narahat olma, AÇ-2016-ya çıxmaq lazımdısa, bunu özümüz həll edərik.
 
Yəni kəsəsi, Berti Foqts guya doğrudan da AÇ-2016-nın final mərhələsinə çıxmaq gücündə olan komanda formalaşdırmalıdı. Özü də vaxtının çoxunu Bakıda keçirməlidi ki, sabah millimiz AÇ-2016-nın final mərhələsinə vəsiqə qazananda inandırıcı görünsün. Bizim camaatı bilmirsiz, "vedrə" bağlayarlar AÇ-2016-ya çıxmağın dalına, "vedrə".
Shares: