AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Tarixi qələbə qazandıq. “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki, komanda oyuna fərqli taktika ilə çıxır. “Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm. AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdu, çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.






