“Neftçi” ciddi transferlərə hazırlaşır. Paytaxt klubu həm avrokubokda layiqli çıxış etmək, həm də yeni mövsümdə çempionluğa iddialı olmaq üçün güclü heyət formalaşdırmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bakılılar transfer bazarında susqun görünsə də, əslində xəlvətdə fəal iş görürlər. Klub rəsmiləri hazırda bir neçə oyunçu ilə fəal danışıqlar aparır. Ən azı 5 legioner transferi planlaşdırılır. “Neftçi” hazırda heyətdə olan əcnəbilərin çoxluğunu nəzərə alaraq sayın az, keyfiyyətin yüksək olmasına çalışır.

Baş məşqçi Yuri Vernidubun birbaşa nəzarətində olan danışıqların nəticəsindən asılı olaraq hazırda düşərgədə olan bəzi oyunçularla yolların ayrılması mümkündür. Paraqvaylı Luis Ortis, ekvadorlu Cordan Rezabalanın vidası an məsələsidir.

“Neftçi”nin yeni qapıçı gətirməsi də mümkündür. Vernidub Kənan Piriçin çıxışından məmnun deyil. Ukraynalı mütəxəssis ona əsas qolkiper gözü ilə baxmır. Emil Balayev son matçlarda özünü doğruldub, Rza Cəfərov da düşərgədə saxlanacaq. “Qəbələ” onu yenidən icarəyə götürmək istəyir, “Araz-Naxçıvan”ın da belə istəyi var. Amma bakılılar Rzanı düşərgədə saxlamaqda israrlıdır. Piriç müqaviləni qarşılıqlı razılıqla pozsa, yeni legioner axtarışı olacaq, əks halda, o, ehtiyatda oturacaq.

“Neftçi” transferləri düşündüyü bir vaxtda müqaviləsi bitən oyunçularla bağlı da qərar verməlidir. Balayevlə yeni anlaşmada problem olmamalıdır. Emin Mahmudovun müqaviləsi ilə bağlı isə suallar var. Klub rəhbərliyi kapitanın daha az maaşa razılıq verəcəyinə ümidlidir. Yarımmüdafiəçi isə endirim haqda düşünmür və ən azı üçillik müqavilə bağlamaq istəyir.

Shares: