Kanada millisinin yarımmüdafiəçisi İsmayıl Kone ağır zədə alıb. O, dünya çempionatının qrup mərhələsinin II turunda Qətər yığmasına qarşı keçirilən oyunda sıradan çıxıb.
Vankuverdə keçirilən qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib. Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstərib. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.
Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması ehtimal edilir. Çünki qayda pozuntusundan sonra matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb.
Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Konenin azı 4-5 ay yaşıl meydanlardan kənar qalacağı ehtimal edilir.






