“Neftçi” akademiyasında yetişmişəm. “Neftçi” ölkəmizin böyük klubudur. Bura dönmək mənim üçün də çox xoşdur. Karyeramda növbəti addımdır. Təklif gələndə çox sevincli və qürurlu idim. Bu təklifi qəbul etmək lazım idi. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, “Neftçi”yə layiq olum”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rüfət Abbasov deyib.
21 yaşlı müdafiəçi klubdan ayrıldıqdan sonra ciddi çalışdığını və “Neftçi”yə daha hazırlıqlı qayıtdığını vurğulayıb: “Neftçi”dən ayrılandan sonra karyeram haqda düşündüm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım ki, daha da irəliləyim. Şükürlər olsun ki, hər şey mənim üçün yaxşı oldu. Artıq “Neftçi”yə bu dəfə daha təcrübəli şəkildə qayıdıram”.
Gənc futbolçu azarkeşlərin dəstəyini də xüsusi qeyd edib. O bildirib ki, “Forza Neftçi” üzvləri ona çoxlu dəstək mesajları göndəriblər: “Azarkeşlərimiz nəticədən asılı olmayaraq komandanı hər oyunda dəstəkləyir, yanında olurlar. Biz də onların dəstəyinin qarşılığını qələbələrlə verməyə çalışacağıq. İnşallah, bu il bizim ilimiz olar. “Neftçi” kimi komandada həmişə məqsəd çempionluq olur”.
Son iki mövsümdə “Şamaxı”nın formasını geyinən Abbasov həmin dövrün inkişafında mühüm rol oynadığını söyləyib. O, xüsusilə baş məşqçi Ayxan Abbasovun ona göstərdiyi etimadı vurğulayıb: “Son iki ildə “Şamaxı” ilə çox yaxşı mövsüm keçirdim. Bu dövr mənim üçün uğurlu alındı. Müntəzəm oynamaq futbolçunun inkişafına böyük təsir göstərir. İnsan nə qədər çox oynayırsa, performansı da bir o qədər artır. İnkişafımda ən böyük rollardan biri də Ayxan Abbasov oldu. Çünki heç kim güvənməyəndə o mənə inanaraq şans verdi. Buradan ona təşəkkürlərimi bildirirəm”.
Rüfət millidəki hədəflərindən də danışıb. O, U-21 millisindən əsas milliyə keçidin onun üçün qürurverici olduğunu bildirib: “U-21 millisində uzun müddət çıxış etdim. Artıq yavaş-yavaş əsas millidə də oyunlara çıxıram. Buna görə çox sevinir və qürur duyuram. Daimi olaraq milliyə dəvət almaq üçün bütün oyunlarda maksimum gücümlə çalışacağam. Son illərdə sol cinah müdafiəçiləri arasında adımın hallanması mənə əlavə motivasiya və məsuliyyət verir. Həm komandama, həm də milliyə çıxışımla töhfə vermək istəyirəm”.
GÜNAY SÜLEYMANOVA






