Topaz Premyer Liqasının 18-ci turunda keçirilən AZAL – "Neftçi" (2:1) oyununda baş verənlərlə bağlı ev sahibi komandanın vitse-prezidenti Vaqif Qasımovun fikirlərinə qarşı tərəfin cavabı özünü çox gözlətmədi. Futbolinfo.az saytına açıqlamasında "ağ-qaralar"ın vitse-prezidenti Tahir Süleymanov Qasımovun söylədiklərinə bu cür münasibət bildirib:
 
"Qasımovun açıqlamaları ilə tanış olmuşam. Yaşca məndən çox böyükdü. Ağsaqqal adamdı və bizim ağsaqqal biri haqda nəsə deməyimiz etikadan kənar olar. Demək istəyirəm ki, Qasımov Hakimlər Komitəsinə cavabdehlik daşımır. Kimin hakimliklə bağlı nə sözü varsa, çıxıb deyə bilər. Biz öz futbolçularımıza qırmızı vərəqələrin doğru olmasını bildiririksə, onun məsələyə bu cür yanaşması maraqlıdı. O ki, qaldı Qasımovun işlətdiyi artıq sözlərə, ən azından onun klub karyerası Tahir Süleymanovdan daha çoxdu. Yəni vaxt baxımından götürsək, mən 4 ildi, Qasımov isə uzun müddətdi klubda fəaliyyət göstərir. "Neftçi"nin və bizdən aşağı şəraiti olmayan AZAL-ın nəticələrinə baxsınlar. Ondan sonra desinlər ki, kimlər klubda işləməlidi. Mənim cavabım budu. Hakimliklə bağlı heç kim, heç kimə vəkillik etməsin. Burada söhbət hakimlikdən gedir, AZAL-ın qələbə qazanmasından yox. Xahiş edirəm hər bir şəxs fikirlərini bildirəndə özünü ortalığa atmasın. Hakimlər Komitəsinə cavabdeh şəxslər var. Vaxt olub ki, Qasımov özü hakimlikdən ciddi şəkildə etiraz edib. O ki, qaldı klubda kimlərin çalışmasına, bu Qasımovun səlahiyyətinə aid olan məsələ deyil. Təbii ki, Tahir Süleymanov kimi şəxslər klubda çalışanda uğurların qarşısını almaq olmur. Kimin hansı nəticəni göstərdiyi göz qabağındadı. Hər kəs öz işi ilə məşğul olmalıdı".
Shares: