Bir komandanın gələcəyi üçün ən təhlükəli hadisə yalançı qələbələrdi. Məhz həqiqi uğuru yalançı qələbələrdən ayırd etməyi bacaran klub bossları da böyük işlər görməyi bacaran simalardı. Etiraf edim ki, hazırda "Xəzər Lənkəran" bosslarının Con Toşakla bağlı hansı fikirə sahib olduğundan xəbərsizəm. İndi mən onların Toşakdan razı qaldığını iddia etsəm, yalançı çıxaram. Bəlkə də fərqli düşünürlər. Ancaq onlar "Neftçi"ni superkubokda məğlub etdiyinə, ölkə kubokunun finalında əzəli rəqibə çətin anlar yaşatdığına və Lənkərandakı çempionat matçında "ağ-qaralar"a uduzmadıqlarına görə uelsliyə inanırlarsa, deməli, yanlış yoldadılar. Çünki "Neftçi"ylə oyunlarda üstünlük Toşakın Lənkəranda qalmasını şərtləndirə bilməz. Fikrimi izah etməyə çalışacam!

                         

                                                              Hansı uğuruna "əhsən" deyək?

Yazının "bismillah"ında keçmişi qurdalamaq fikrini təxirə salmaq fikrindəyəm. Bir neçə kəlmə konkret cari mövsümdə çemponatdakı çıxışlardan danışacam. Gəlin, qəbul edək ki, "Xəzər Lənkəran" rəhbərliyi Toşakı komandaya çempionluğa gətirib. Daim "Xəzər"i avrokuboklara daşımaq məqsədi klub rəhbərliyinin ən uca hədəfi ola bilməz. Çünki bu gün cənublu azarkeşlər maliyyə problemi yaşamayan klubun "Neftçi" və digər komandaların çempionluğu bayram etməsini kənardan izləmək istəmir. Bu komanda çempionluq uğrunda oynayan klublardan heç nədə əskik deyil. Yəni çempionluq üçün hər cür şərait yaradılıb. Deməli, Toşak "Xəzər Lənkəran"a çempionluq üçün gətirilib.
Uelsli mütəxəssis bunu dilə gətirməyə cəsarət etməsə də, bu, belədi. Ancaq gəlin turnir cədvəlinə nəzər salaq. Sizcə, 10 oyunda 3 qələbə qazanan komandanın çempionluq uğrunda real namizəd olduğunu iddia etmək mümkündümü? Sizcə 10 oyuna 9 qol vuran komandanın çempionluğa layiq olduğunu söyləmək düzgündümü? Bu gün "Sumqayıt" kimi komandayla səfər matçlarında sindrom yaşayan kollektivin məşqçisindən necə razı qalmaq olar? Bəli, oyun planında da Cənub təmsilçisinin çempionluğa layiq futbol sərgiləmədiyini görərik. Bütün bunların fonunda Toşaka "əhsən" demək "Xəzər Lənkəran"ın azarkeşlərinə hörmətsizlik və klubun hədəflərinə tüpürmək deməkdi.
Gəlin etiraf edək ki, uelsli mütəxəssisi Lənkərana yalnız "Neftçi"ni məğlub etməyə gətirməyiblər. "Xəzər Lənkəran"ın bünövrəsi yalnız "Neftçi"ni məğlub etməyə görə qoyulmayıb. Bu, belədisə, onda Cənub komandasına böyük klub adı vermək düzgün deyil. Bu gün primerada çempionluq uğrunda mübarizə aparmayan "Espanyol" və "Osasuna" üçün "Barselona"dan xal qoparmaq və elitada qalmaq böyük uğur sayıla bilər. Amma "Real" üçün "Barsa"nı üstələmək sadəcə finişə gedən yolda yanacaq doldurmaq kimi bir şeydi. Madridlilər üçün əsas hədəf çempionluqdu. Ötən mövsüm "Kral klubu" iki oyunun nəticəsinə və kubokdakı duelə görə "Barsa"dan üstün olsa da, sonda katalonlar çempionluqla kifayətləndiyi halda, onlar heç nə qazanmadı. Belə çıxır, "Real" azarkeşləri şəxsi oyunlarda katalonları üstələdiyinə görə uğurlu mövsümdən dəm vurmalıdı?
Bu suala "yox" cavabı vermək belə mənasızdı. Çünki nəhəng komandanın iştirak etdiyi turnirlərdə qalib olmaq istəyi aksiomadı. Hər nə qədər "Xəzər Lənkəran"la "Real"ı müqayisə etmək düzgün olmasa da, bu komandaların ölkə çempionatlarındakı hədəfi eynidi. Deməli, bu sözləri Cənub təmsilçisi üçün də səsləndirmək olar. Ona görə də "Neftçi"ylə uğurlu oyunları xüsusi qabardıb uelsli baş məşqçinin işini alqışlamaq yersizdi. Bir qədər dərinə varıb onun komandasının Avropa Liqasında Lənkəranda Hayfa "Makkabi"sinə 0:8 hesabıyla uduzmasını yada salanda isə adamın təzyiqi qalxır. Deməli, belə damğayla yaşayan məşqçi üçün "Neftçi"ylə matçlarda müsbət nəticələr bəraət ola bilməz. Həm də ki, Toşak "Neftçi"ni məhz superkubokda udmağı bacarıb. Ölkə kubokunun finalında penaltilərlə yenilgi və Lənkərandakı matçda heçheçə "Xəzər Lənkəran" üçün uğurdusa, onda biz yenə klubun hədəflərini kiçildirik.

                                                       "Neftçi"ni yenmək üçün XL-in məşqçiyə ehtiyacı yoxdu

Amma məsələ bununla da yekunlaşmır. Bu gün Cənub təmsilçisinin oyunçularının "Neftçi"ylə oyuna kökləmək üçün məşqçiyə ehtiyacı yoxdu. Əminliklə söyləyə bilərəm ki, "Xəzər Lənkəran"ı kimin çalışdarmasından asılı olmayaraq, bu komandanın oyunçuları əzəli rəqiblə oyunda ikiqat motivasiyalı olur. Yəni Toşakın gəlib onlara qeyri-adi nəsə aşıladığını iddia etmək haqsızlıqdı. Lətifəsi Con Benjamindən uzaq, xoruz yox idi, səhər açılmırdı? Onsuz da son vaxtlar "Neftçi" Lənkəranda keçirilən oyunlarda qələbə qazana bilmir. Toşakın Azərbaycandakı fəaliyyəti heç bir il deyil. Nə yatdı ki, "Neftçi"ylə bağlı nə də şirin yuxu görsün? Deməli, cənubluların paytaxt təmsilçisinə qarşı uğurlu çıxış indiki zamana yox, "eramızdan əvvəlki dönəmlər"ə gedib çıxır.

Əlbəttə, quru motivasiyayla da iş düzəlmir. Tək istəklə rəqibi məğlub etmək mümkün deyil. Ancaq XL-nin oyunçularına "Neftçi"ni necə məğlub etməyin yolunu göstərmək də elə qəliz məsələ deyil. Toşakın Azərbaycan haqda təsəvvürü olmayanda "Xəzər Lənkəran"ın oyunçuları "ağ-qaralar"a qarşı dəfələrlə oyun keçirib. İndi Cənub təmsilçisinin əsas hədəfi digər komandalara qarşı da uğurlu seriya yaxalamaqdı. Amma Toşak bunu bacara bilmir. Klub rəhbərliyinin onu istefaya göndərməməsi isə sırf başdöndürcü təzminatla əlaqədardı. Sadəcə, XL rəhbərliyi böyük pulundan keçmək istəmir və sadəcə, uelsli çalışdırıcının gələcəkdə komandanı inkişaf etdirəcəyinə ümid edir. Hələ tunelin ucunda isə işıq görünmür. "Neftçi"ylə oyunlarda uğurlu nəticə tunelin divarına bərkidilmiş fanarla izah oluna bilər. XL-ə sondakı təbii işıq lazımdı, divardakı süni işıq yox…

MURAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp