İlan ilini də futbolumuz sürünə-sürünə keçirdi. Elə bilirsiz qarşıdan gələn at ilində qaçacağıq. Düzü, illərin zodiak xüsusiyyətlərini futbolumuza aid etmək olmaz. Amma bu ilan nə əcaib varlıqdısa, dövranın bütün zamanlarında, ya da zamanın bütün dövranlarında futbolumuzda hakimiyyəti ələ keçirib. Yəni hər il sürünürük. Keçən il də belə olmuşdu, bu il də belə oldu, bəlkə də gələcəkdə də belə olacaq.
Yalandan çempionatımızda rəqabəti gözə soxmaq, yığmanın hər tsikldə xal hesabını rekorda çatdırması bizim inkişafda olmağımızdan xəbər vermir. Əlbəttə, futbolumuz Fuad Musayevin dövründə olduğu kimi tısbağa və ya qarışqa təsiri bağışlamır. Darvinin təkamül nəzəriyyəsinin həqiqi olduğunu bilmək istəyirsizsə, Azərbaycan futbolunun inkişaf tendensiyasına nəzər salın. Gələcəkdə nəyə çevriləcəyimizi söyləyə bilməsəm də, bu il ilan kimi qıvrılmağımızdan danışacağam.
Bu il Azərbaycan çempionatı koramaldan əfiyə çevrilməsə də, dərisini dəyişməklə diqqət çəkdi. 2012/13 mövsümü "6-lıq" yarışıyla başa çatdısa, ilin ikinci yarısındakı yeni mövsüm 10 komandalı və 2 dövrəli sistemə keçdi. Nəticədə "Turan"la "Kəpəz"ə qapını göstərdilərsə, aşağı dəstədən heç kimi yuxarı daşımadılar. Ancaq mahiyyət etibarilə, çempionatda yenə də heç nə dəyişmədi. Sadəcə, biri ağ, digəri qara ilan oldu. Daha ona lənət oxuyub oxumamaq öz işinizdi. O ki qaldı, bu il "Neftçi"nin çempion olması və "Qarabağ"ın ili lider kimi başa vurması… Burda da qeyri-adi heç nə yoxdu. Sadəcə zirvəyə yüksələ bilməyən kərtənkələlərimiz ilanlara zəhər verməklə kimisə aşağı, kimisə yuxarı qaldırır. Avrokubokların qrup mərhələsində komanda görmədiksə, "keçəl Həsənlə, Həsən keçəl" arasında heç bir fərq görmürük.
Hə, indi də keçək yarpıza, əstəğfurillah, avrokuboklara. Niyə yarpız? Çünki ilanın sevmədiyi bir şeydən danışırıq. Hər nə qədər mövsüm boyunca klublarımız avrokuboklara çıxmaq uğrunda yarışsa da, nəticə planında onların qitəmiqyaslı turnirlərdə uğur qazanmaması futbol ictimaiyyəti üçün yarpız effektini verir. Çünki elə ilk iki mərhələdəcə kitabımızı bağlayırlar. Ötən mövsüm Avroliqanın qrup mərhələsində oynamaq imkanı əldə edən "Neftçi"nin bu dəfə "Skenderbeu" səddinə İLişməsi ANı bütün əhval ruhiyyəmizi korladı. Sən demə, ötən İL "Neftçi"nin qrup mərhələsinə yüksəldiyi ANı təsadüf imiş. "Qarabağ" Avroliqada isə İLdırım kimi pley-off mərhələsinə yüksəlsə də, "AyNtraxt" səddinə ilişərək yenə də böyümədiyini və yerində saydığını göstərdi. Hər nə qədər Qarabağ "atlar"ına güvənsək də, həlledici mərhələdə başa düşdük ki, "Qarabağ" "M(İLAN)" deyil. "İnter"in Ləpir və Addımların Nəticəsindən isə danışmaq istəmirəm. İlk mərhələni sürünərək keçən Kaxaber Tsxadadzenin yetirmələri sonradan ayaq altında tapdalandı. Hayfa "Makkabi"sindən evdə 8 top buraxan fİLAN-fİLAN olmuş "Xəzər Lənkəran"dan isə yeni İL ərəfəsində dANışıb qanınızı qaraltmaq istəmirəm.
İndi də keçək bizi boğaza yığan yığmaya. Hə, düzdü, Berti Foqtsun başçılığı altında 9 xal yığa bildik. Di gəl ki, Lüksemburqu uda bilməyən mİLlini tərifləmək ANcaq yaltaqlara yaraşar. Sadəcə, İsraiLlə səfərdə heç-heçə etdiyimiz zamAN bir qədər sevindiksə, Şimali İrLandiyanı Bakıda yendiyimiz AN göylərdə uçduq. Rusiyayla heç-heçə isə bizi göyün 9-cu qatına qaldırdı. Nəticədə bu bir qəhrəmanlıq kimi qələmə verildi və Foqts daha iki illiyə millidə qaldı. İLə yekun vurAN yazım bundan ibarətdi. Hələki ulduz görməyən ilanımız ölməyib. Bizim futbol səmamız hələ də dumanlıdı və ulduzları görə bilmirik. Nə edək, ulduzumuzla barışmalıyıq.
CAVAD





