"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun Futbolinfo.az saytına müsahibəsi

Geridə qalan 2 dövrədə "Sumqayıt"ın çıxışını necə dəyərləndirirsiz?
– Fikrimcə pis futbol nümayiş etdirmədik. Oynadığımız oyunlarda ən çox bizə futbolçuların təcrübəsizliyi, bəxtsizliyimiz mane oldu. 

Qələbə qazanmamağınızda əsas çatışmazlıqlar nə oldu?
– Çox oyunlarda hüçumlarda "dişsiz"lik oldu. Pərdis-Fərcad Azad zədəsini yeni bərpa etmişdi. Ruslan Nəsirli təcrübəsiz olmasına baxmayaraq perespektivli futbolçudu. Rəqib komandanın cərimə meydanına qədər gəlirdik, ancaq son nöqtəni qoya bilmirdik. 

Komandanızda icarə əsasında oynayan bir neçə futbolçu var idi. Sizcə onlar komandaya nə dərəcədə can yandırırdılar?
– Komandaya can yandıranlar və yandırmayanlar oldu. Düzdü, biz sırf yerli futbolçulara üstünlük veririk. Biz, futbolçuları müqavilə bağlayıb gətirdə bilmirik. Ancaq icarə əsasında gəlirlər. 

Komandaya legioner futbolçuların dəvət olunması üçün rəhbərlik qarşısında tələb qaldırmısız?
– Klubun yarandığı vaxtdan qarşısına məqsəd qoyulub ki, cavan olan yerli futbolçuların oyun təcrübələri artırılsın. Həmin futbolçular oyundan oyuna öz təcrübələrini artırsınlar və yığma komalara cəlb olunsunlar.

Komandadan artıq bir neçə futbolçu ayrıldı. Gözaltı etdiyiniz futbolçular var?
– İcarə əsasında oynayan 5 futbolçu artıq öz klublarına qayıdıblar.  Dünən Ramil Mansurovla 2 illik müqavilə imzaladıq. Tərzin Cahangirovla da ilkin razılıq əldə etmişik. Şəhriyar Xəlilov da komandamıza baxışa gələcək. Bundan başqa Rusiyanın ikinci divizionundan iki futbolçu baxışda olacaq. 

Ən çox hansı mövqeyləri gücləndirməyi planlaşdırırsız?
– Ən çox hüçüum xəttini gücləndirməyi düşünürəm. Bundan əlavə olaraq sağ və sol yarımmüdafiənin cinahlarını da gücləndirməyimiz şərtdi. 

Qış fasiləsindən sonra fərqli "Sumqayıt" görə biləcəyik?
– Geridə qalan matçlarda pis oyun nümayiş etdirmədik. Nəticələrimiz bərbad olsa da, nümayiş etdirdiyimiz oyun normal idi. Nəticələrimiz oyuna görə deyildi. Elə oyunlar oldu ki, hakim səhvləri ucbatından uduzduq. İnanıram ki, 3-cü dövrədə fərqli bir "Sumqayıt" görəcəksiz. 

EMİN SƏFƏROV

Shares: