Çox vaxt şahmat taxtasına baxıb fikirləşərkən gördüyümüz Şəhriyar Məmmədyarovla Eltac Səfərli dünən gecə saatlarında əyləncə mərkəzlərinin birində qonaq idi. Bizim əməkdaşımız isə Yeni İl bayramını qeyd etmək üçün təsadüfən eyni məkanda olub və gördüyü mənzərəni telefonunun yaddaşına köçürməyi məcburən lazım bilib.
Ona görə "məcburən" yazırıq ki, istirahət etmək, əylənmək hamının haqqıdı. Və elə bu səbəbdən də kimin harada olması, necə vaxt keçirməsi öz haqqıdı. Bundan başqa Futbolinfo.az olaraq əsasən top oyunundan yazdığımız üçün hansısa şahmatçı bizim üçün müzakirə mövzusu olmamalıdı. Amma cümə günü gecə başverənlər o qədər utandırıcı idi ki, bunu sizinlə bölüşməyə məcbur olduq.
Əvvəla, qeyd edək ki, daha çox kollektiv məclislərin cəm olduğu bu məkanda yalnız Şəhriyarla Eltaca xüsusi, xudmani süfrə açılmasından görünürdü ki, onlar buranın daimi və səxavətli qonaqlarıdı. Onlar üçün gələn viski şüşələri bir-bir boşalsa da, heç kəs zəka sahiblərimizə ciddi diqqət yetirmirdi. Artıq 3-cü şüşə boşalarkən isə hadisələrin axarını şiddətləndirən olay baş verdi. Hamının 15-20 manatla yola saldığı, ərəb mahnısının sədaları altında süzən rəqqasə xanım adamını tapdı və onu özü kimi soyundurmağa başladı. Yox, şahmatçıların əyni yerində qaldı, sadəcə, cibləri yavaş-yavaş boşaldı.
Şahmatda daha təcrübəli olan Şəhriyar burada da özünü göstərdi. O. rəqqasəyə ciddi bənd olmadı, yüngülvari xərclə canını qurtardı, Eltac isə yüzlükləri səpələməkdə idi. Doğrusu, onun rəqqasənin 5-10 dəqiqəlik oriental rəqsi üçün nə qədər xərclədiyini saymadıq, amma söhbət 50, 100 manatlıq əskinaslardan və özünü publikaya göstərmək istəyən birindən gedirsə, sonunu özünüz fikirləşin.
Təbii ki, bu məqsədli əliaçıqlıq nəticəsini verməliydi. Pusquda dayanməş bəzi xanımlar bunadək onlara diqqət yetirmirdisə, şounun ardınca artıq cütlüyə, xüsusilə də Eltaca rəqs meydançasını tərk etməyə imkan vermirdi. Lap sonrasını yazmağa nə həvəs, nə də hövsələ var. Amma dəqiqdi ki, səpələnən yüzlüklərin stimul olduğu tanışlıqlar sürətlə inkişaf edirdi.
Əvvəldə qeyd etdiyimiz kimi, əylənmək, istirahət etmək hamının haqqıdı və bu səbəbdən şahmatçıları da mühakimə etmirik. Amma ictimai simaya çevrilmiş Avropa çempionlarının, klassik növdə olmasa da, dünya çempionunun belə ucuz hərəkəti xoşagələn deyil. Şahmatçıların sözügedən məkanda jurnalist olduğunu bilə-bilə saymamazlıq etməsi isə bizim üçün qıcıq doğuran məqam idi. Xüsusilə gözü ayağının altını görməyən Eltacın saymamazlığı təəssüf doğurur.
Bir qələbəyə 2-3 mənzil verilən ölkəmizdə idmançılar layiq olduqlarından artıq qiymət alsalar da, halal xoşları olsun, özləri qazanıb, özləri də xərcləyir. Şefləri bank rəhbəri olduğundan yəqin ki, ümumiyyətlə, hər hansı problemləri yoxdu. Amma bu şahmatçılar tanınan şəxslər olduqlarını unutmamalı, belə bayağılığa yol verməməliydilər. Onlar diqqət cəlb etmək üçün xərclədikləri paranı hər hansı xeyriyyə işinə sərf etsəydi, həm də sağ ikən rəhmət qazanardılar. Ancaq rəqibi mat edəcək qədər ağıllı olan bu cavanlar nədənsə “piyadalarla oyunda” bağışlanmaz səhvə yol verdilər. Yəqin buna görədi ki, Azərbaycan səviyyəsində çox güclü olan, beynəlxalq yarışlarda fəxrimiz olan şahmatçılarımız bu idman növündə Olimpə çata bilmir. Maqnus Karlsen pulunu düzgün hazırlığa, Harri Kasparov kimi məşqçiyə sərf edib dünya çempionu olduğu bir vaxtda bizimkilər rəqqasəylə oynayıb reytinq cəlvəlində ilk “20-lik”də, “30-luq”da olmağı fəxr sayır.
Deyək ki, dünyanın naz-nemətindən vaz keçə bilmirsiz, Şərq kişilərinə xas olan əyləncə həvəskarısız, olsun, amma heç olmasa, bunu sadə camaatın qarşısında etməyin, millət içində olan nüfuzunuzun daimi olması üçün bir az qapalı məkan seçin. İstirahət etmək haqqınızdı, amma kiminsə əsəbləri ilə oynamaq hüququnu heç kim sizə verməyib.





