Tovuz həm də istedadlı aşıqları ilə məşhurdu. Folklorumuzun qaymağı olan saz sənətinin yaşamasında ölkəmizin bu bölgəsinin də müstəsna xidməti var.
 
Amma Tovuz deyəndə yada yalnız aşıqlar düşmür. Bu rayon ölkənin inkişafına xidmət edən müxtəlif peşə sahibləri, şəxsiyyətlər yetişdirib. Elə futbol təsərrüfatımızda da Tovuzun öz izi var. Cari mövsümədək milli çempionatlarımızın daimi 3 iştirakçısından biri olan “Turan” süqut etsə də, hələ ki, Tovuz futbol məktəbinin yetişdirdiyi futbolçular müxtəlif klublarımıza fayda verir.
 
Aşıq dili yüyrək olar. Bir neçə il öncəyədək futbol arenamızda söz sahibi olan “Turan” indi yoxdu. Onun xarabalıqları üzərində bir “Turan-T” icad ediblər, amma son hadisələr göstərir ki, o, sələfindən də miskin gündədi. Borclardan qurtulmaq üçün tarixinə tüpürub adından imtina edən Qərb klubu yenə məngənədədi. Komandanın əsas heyət üzvləri “Bakılı” ilə son çempionat matçına məhz maaşlarını ala bilmədikləri üçün çıxmadılar. Düzdü, “Turan-T” oynadı, amma əsas oyunçulardan fərqli olaraq, çox yox, hələ cəmi bircə dəfə aldadılacağı gözlənilən yeniyetmələrlə…
 
“Turan” hələ ki, dağılmayacaq. Bu komandanın minimum 32 il yaşaması üçün şans var. Axı, Azərbaycan əlifbasında məhz bu qədər hərf var. “Turan-C”, “Turan-M”, “Turan-I” və s. Sonra bəlkə rəqəmlərə keçdilər. Namiq Məstanovun fantaziyasına şübhə etmirəm.
 
Ümumiyyətlə, Tovuz futbolunu fırladan bu şəxsin bacarığına heyranam. Cavan oğlan neçə-neçə futbolçunun menecerliyini edə-edə qazanır, lazım olanda hakim-inspektor, AFFA nümayəndəsi işləyir, eyni zamanda da tarixi olan bir klubun həyatı ilə oynayır. Özü 8-ci mikrorayonda əyləşib, Bakıdan ən uzaqda yerləçən rayonlarından birinin futbolunda ağalıq edir. Yarıtsaydı, yenə dərd yarıydı, bu adam sazla pazı səhv salır…
 
Ölkə çempionatının 1-ci divizionda son tur öncəsi yaranan maliyyə problemləri ilə bağlı Məstanovun fikirləri də maraqlıdı. Aldı görək nə dedi?
 
Namiq bəy əməkdaşımıza müsahibəsində “Bakılı” ilə oyunu yeniyetmələrlə yola vermələrinə qəribə səbəb tapıb. Sən demə, o, gənclərə şərait yaradır ki, çıxıb oynasınlar. Görəsən, maliyyə problemi olmasaydı, onlara bu şans veriləcəkdi; əsas heyət boykota əl atmasaydı, Məstanov onları xatırlayacaqdı; yoxsa dara düşəndə onların istedadı önə çıxır?
 
Namiq bəy əsas heyətin maliyyə probleminə görə oyundan imtina etməsinə belə aydınlıq gətirir: “Hər ailədə söz-söhbət olur. Burada problem tək maliyyə məsələsi deyildi, başqa söhbətlər də var. Mən hazırda bu məsələləri araşdırmaqla məşğulam. Təxribat xarakterli məsələlər var. Əgər sən futbolçuya deyirsən ki, "sabah gəl maaşını al", futbolçu isə cavabında "mən bu gün oyuna çıxmıram" deyirsə, mən bunu başa düşə bilmirəm. Əgər bir ailədə problem varsa, günahkar ailə başçısıdı. Amma mən günahkar deyiləm. Bilirsiniz, bir qatil cinayət üstündə yaxalandığı zaman məhkəmə qərarı olmadan ona "cinayətkar" demək olmaz. Onu "təqsirləndirilən şəxs" adlandırırlar. Maliyyə problemi var, amma mən də dəqiq bilmirəm, araşdırıram. Dəqiqləşdirmədiyim bir şeyi deyə bilmərəm. Məsələn, mən başqa şey düşünərəm, amma ola bilər ki, başqa cür olsun. Tam təsdiqini tapmayan məlumatlar var. Ona görə hansısa bir ifadəni işlədərək günah qazanmaq istəmirəm. Yenə deyirəm ki, elə bir ciddi problem də yoxdu”.
 
Məstanovun fikirlərini diqqətlə oxuyun, görün, o, nə demək istədiyini heç özü bilirmi? Namiq bəy sadəcə, söhbət fırladır, kimliyi bəlli olmayan “ailə başçısı”ndan danışır. Bu, lap istedadsız aşığın məclis idarə etməsinə bənzəyir. Sözü qurtaranda “daley-daley” deyir…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp