Topaz Premyer Liqasının IV turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra  tutulan 4 fanatdan ikisi – "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyev (Eliko Ləzginçik) və “Neftçi” azarkeşi Zaur Ərəbov  hazırda Kürdəxanı təcridxanasında saxlanılır. 2 ay həbs cəzası verilən azarkeşlərin həbs müddəti oktyabrın 25-i bitsə də, onlar hələ azadlığa buraxılmayıblar.

Ərəbovun yaxınlarından bir xəbər tuta bilməsək də, Elmanın anası Emilya Şərifovayla əlaqə saxladıq. Çarəsiz ana iki aydi davam edən istintaq prosesinin gizli olduğunu və onlara heç bir məlumat verilmədiyini bildirdi. Emilya xanım bu müddətdə klub rəsmiləri tərəfindən nəinki kömək, heç maraqlanan belə olmadığını bildirdi. Ümumiyyətlə, saxlanılanlardan yalnız adı çəkilən bu 2 nəfərin hələ də nəzarət altında olması maraqlıdı.

Məsələni dəqiqləşdirmək üçün Elmanın vəkili Adəm Məmmədova müraciət etdik. Ancaq azarkeşlərin hələ də niyə həbsdə olduqlarına o da cavab tapa bilmədi.  Adəm bəy bildirdi ki, məlum olmayan səbəblərdən Tağıyevin həbs müddətini uzadıblar. Xuliqanlıq maddəsi ilə iki aydı azadlıqdan məhrum olan 19 yaşlı gəncin nəyin qurbanı olduğu hələ də heç kimə məlum deyil.

Düzdü, ola bilsin, onlar həqiqətən də başqa hansısa əməllərinə görə hazırda nəzarət altındadılar. Ancaq bununla bağlı – istintaq sirri deyilsə – hər hansı açıqlama olsa, yerinə düşər. Çünki bu uşaqları gözüyaşlı gözləyən valideynləri var.

Shares: