Peşəkar Futbol Liqasının 6 yaşını qeyd etməsi elə də çox hiss olunmadı. Nə qurumun özündə, nə də futbol ictimaiyyətində bu hadisəyə ciddi yanaşılmadı. Klubların başının hazırlığa qarışmasının bu səssizlikdə müstəsna rolu oldu.
 
Ancaq hər ad günü həm də səbəbkarın ömrünün daha bir səhifəsinin vərəqlənməsinə imkan verir. Görəsən, PFL mövcudluğu dövründə “necə oğlan kimi tanınıb”?
 
Fariz Nəcəfov, "Qəbələ"nin vitse-prezidenti: "Müsbət və mənfi cəhətlərini deyə bilməyəcəm. Ümumilikdə PFL-in işini yaxşı qiymətləndirmək olar. Çempionatın səviyyəsi Çempionlar Liqasında və Avopa Liqasındakı klublarımızın çıxışı ilə bəlli olur. Bildiyiniz kimi, "Neftçi" qrup mərhələsinə düşməklə bunu bacardı. Ancaq daha yaxşı ola bilərdi".
 
Vaqif Qasımov, AZAL-ın vitse-prezidenti: "Yaxşı və pis tərəfləri var. Pis tərəfi odur ki, təqvim sabit deyil. Gündə bir şey dəyişilir. Limiti əvvəlcədən birdəfəlik həll etmirlər. Ümumiyyətlə, PFL-in işi normaldı. Hər şey PFL-in özündən asılı deyil ki.  PFL-in əlində olsa, bəlkə də hər şey qaydasında olar".
 
Vəssalam, elitanın digər 8 klubundan heç kim PFL-lə bağlı danışmaq istəmədi. Hərəsi bir bəhanə ilə yaxasını kənara çəkib Ramin Musayevin rəhbərlik etdiyi qurum haqda danışmadı. Ya tərifləməyin səhv başa düşüləcəyindən, ya da tənqid etməkdən çəkindilər. Bəziləri isə yəqin ki, obyektiv fikir yiyəsi olmadıqlarından sorğumuza qatılmamaq üçün əlindən gələni etdi. Hətta sorğunu ad günündən bir gün sonraya kimi uzatsaq da xeyri olmadı.
 
Jurnalist həmkarlarımızsa daha cəsarətlidi.
 
İxtiyar Əsgərov (apasport.az): "PFL yaranmamışdan əvvəlki illərdə dəfələrlə belə qurumun yaradılması mətbuat tərəfindən gündəmə gətirilmişdi. Lakin hər dəfə buna ehtiyac olmadığı əsas gətirildiyindən PFL-in yaradılması təxirə düşürdü. Nəhayət, 2008-ci ildə yaradılan qurum fəaliyyəti dövründə sübut etdi ki, bütün futbol ölkələrində peşəkar futbol liqalarının olması əbəs yerə deyil. PFL bu 6 il müddətində çox işlər görüb. Onlardan ən önəmlisi kimi mətbuatla işi qeyd etmək olar. Qurum əsl transfer bombasını partlatmaqla Aslan Şahgəldiyevi sıralarına qatdı. Məhz onun gəlişi ilə PFL-in saytında canlanma müşahidə olundu. Bu da media nümayəndələrinin işini xeyli yüngülləşdirdi. Əvvəlki illərdən fərqli, Avropada olduğu kimi daxili yarışların protokolları, çempionat və kubokla bağlı bütün önəmli xəbərlər üçün artıq kimlərəsə zəng etməyə, onların telefona cavab verib-verməməsini gözləməyə ehtiyac qalmadı. Premyer Liqada çempionatın əvvəlkindən daha sabit keçməsi də PFL-in uğurlarıdı. Əvvəllər çempionatın yarısında mübarizəni dayandıranların, mövsüm ərzində baş tutmayan qarşılaşmaların, texniki nəticələrin sayı böyük idisə, artıq hansısa görüşün tam keçirilməməyi nadir hadisədi. PFL həm də neçə illərin tələbatını gerçəkləşdirib komandaların sayını əvvəl 12, sonra 10-a endirdi. Bunun  sayəsində həm klubların oyun sayı artdı, həm də bu oyunların keyfiyyəti yüksəldi. Son nəticədə çempionatın və klubların səviyyəsi yüksəldi ki, bu da UEFA və İFFHS reytinqlərində əksini tapıb. Ölkə çempionatına arxa çevirən televiziya son illərdə Premyer Liqa oyunlarının az qala yarısını canlı yayımlayır. Bunda da PFL-in əməyi qeyd olunmalıdır. Əvəzedicilərin çempionatı və Azərbaycan Superkubokunun uzun fasilədən sonra bərpası da PFL-in aktivinə yazılmalıdır".
 
Sənan Şəfizadə (ATV): “6 yaş münasibəti ilə PFL-in əməkdaşlarını təbrik edirəm. İlk öncə onların hər şeyi sıfırdan yaratdığını qeyd etməliyəm. Axı əvvəl bu işləri AFFA görürdü. PFL isə yeni qurum oldu. Yeni nə yaranırsa, çətin və şərəfli olur. Ümumiyyətlə, PFL tənqidə açıq qurumdu. Qurumun rəhbəri Ramin Musayev hər zaman medianın suallarına hazır olub. Həmkarımız Aslan Şahgəldiyevi də təbrik edirəm. Günün istənilən vaxtı suallarımızı cavabsız qoymur. Müsbət işlər çoxdu. PFL-in rəsmi saytının operativ işləməsindən başlayaraq medianın oyunlaraq akkreditasiya və digər məsələlərə qədər. Bunlar əvvəl olmayıb. PFL mediada olan tənqidə dərhal reaksiya verir, lazım olanda həmin məqamı düzəldir. Mən istərdim ki, klublara qarşı bir qədər də sərt olsunlar. Çatışmazlıqları özlər də bilir. 6 il böyük yolun başlanğıcıdı. Onlara bu çətin işdə uğurlar arzu edirəm".
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp