İllər dəyişir, arzular dəyişmir. Çünki heç bir il hansısa arzumuza çatmağımız üçün yetərli olmur. Ola bilsin, alnına “nəhs” damğası vurduğumuz 2013 milli komandamızın rekord xal yığması baxımından yaxşı oldu. Amma axı, sadəcə, 9 xal bizim arzumuz deyildi.
Artıq at ili başlayıb. “At muraddı” deyib özümüzü aldada-aldada xəyallar qurmağa başlamışıq. Baxmayaraq ki, əvvəlki at illəri də ciddi uğuru olmayan futbolumuzun tarixinə hansısa özəlliklə düşməyib. Ona görə də dekabrda 2014-ün ata-babasına söyməmək üçün indidən onu “yükləməyək”, at arabasına minib öz cığırımızla gedək.
Milli komandanın Avro-2016 arzuları, azarkeşə həsrət stadionlar, dağıstanlıların, almanların, türklərin hesabına süni şəkildə inkişaf etdirilən uşaq və yeniyetmə futboluyla bağlı dilək tutmayın, atın bu istəklərinizi arxivə, bizə yalnız arzulamaq qalacaq. 20 ildi belə edirdim, ayılmışam, ata tərsinə də otursaq, düzünə də atdığı ilk təpik ölüm atəşi kimi hər şeyi məhv edəcək. Matımız-qutumuz qurumamış özümüzü boş arzulara inandırmayaq, atdan nicat ummayaq, ata-babalarımızın dediyi kimi, atdan düşüb atlanaq, hər zəhmətə qatlanaq. İş görsək, inanın ki, hətta poni ili də olsa, uğur qazanacağıq.
Ata 2 gündü minsək də, hələ atlı sayılmırıq. Çünki ili uzunmüddətli bayramla başlamışıq, qorxuram ilin sonuna kimi elə istirahət haqda düşünək. Halbuki indidən 2014-ün planlı hazırlığına start verməliydik. Dekabrda ilə yekun vururuqsa, indi də yeni ilin planı cızılmalıdı. Amma…
Hamı ölkə futbolunun simasını milli komandanın müəyyənləşdirdiyini desə də, məncə, bu deyim artıq çat verib. İspanlar yığma, daha sonra isə almanlar kub səviyyəsində sübut etdi ki, futbolda atamanlıq etməyin təməl prinsipi düzgün strategiya, uşaq futbolunun düzgün inkişafıdı. Onların hər birinin uğurunun qayəsi uşaq-gənclər futbolunda təməlin düzgün atılmasındadı. Hazırda ispan futbolçular marka dəyərinə görə braziliyalıları kölgədə qoyub, bütün dünya futbolunu inkişaf etdirmək üçün alman modelinə can atır.
Ona görə də uşaq futbolunda vəziyyət yaxşı olsa, əcnəbilərə pul xərcləmək problemindən qurtulan klublar da inkişaf edəcək, onların xətti ilə yığma komandaya daha keyfiyyətli futbolçular gedəcək və millinin də səviyyəsi yüksələcək. Belədə milli komandanın da simasının gülərüz, yoxsa eybəcər olması müəyyənləşəcək. Körpə vaxtı problemi olubsa, milli xəstə, bünövrə sağlamdısa, gümrah görünəcək. Bu səbəbdən ölkə futbolunun simasını uşaq futbolunun müəyyənləşdirdiyi dəqiqdi.
İllər dəyişir, arzular dəyişmir. Elə mənim də bir arzum dəyişməyib. Qoy bu dəyişən illərin gedişində heç olmasa futbola baxışımız dəyişsin. Yalan atımızı minib 4 nala çapmayaq, iş görək vaxtı gələndə nəticəsinə sevinək. O zaman illər dəyişəndə arzularımız da dəyişəcək, hər dəfə daha yaxşısına can atacağıq. Vaxtdı, elə 2014-dən başlayaq…
CAVAD





