Futbolinfo.az sizi "Rəvan"ın sabiq baş məşqçisi Şahin Diniyevin müsahibəsi ilə tanış edir.
– Şahin bəy, istefanıza səbəb nə oldu?
– Komandanın göstərdiyi nəticələrdən razı qalmadım. Eyni zamanda gələcəkdə "Rəvan"a xeyir verə biləcəyimə əmin olmadığım üçün bu addımı atdım.
 
– Əksəriyyət sizin istefaya göndərildiyinizi düşünür?
– Bu, belə deyil. "Rəvan"dan ayrılmaq barədə qərarı özüm qəbul etmişəm. Rəhbərliklə danışdım, onlar fikrimə hörmətlə yanaşdı. İstefamı qəbul etdiyi üçün rəhbərliyə təşəkkür edirəm.
 
– Özünüzə əmin olmadığınızı deyirsiz. Komandaya gələndə "Rəvan"a kömək edə bilməyəcəyinizi hiss etmirdiz?
– Komandaya gələndə başqa cür düşünmüşdüm. Reallıqda tam fərqli oldu. İstədiyim alınmadı. İş xətrinə baş məşqçi olmaq mənlik deyil. Əgər istədiyim nəticələri göstərə bilmirəmsə, getsəm yaxşıdı.
 
– İstefanızla bağlı rəhbərliyə nə vaxt müraciət etdiniz?
– İlk söhbətimiz 3 gün əvvəl oldu. İstefam yanvarın 3-də saat 21-22 radələrində qəbul edildi. Niyə soruşursuz?
 
– Yanvarın 2-dən Türkiyə mətbuatında Güvənc Kurtarın "Rəvan"a baş məşqçi təyin olunacağı yazılıb. Deməli, rəhbərlik artıq axtarışda olub…
– Bu, klubun daxili işidi. Qərarımı dəyişməyəcəyimi bilərək yeni məşqçinin axtarışına çıxmaq normaldı. Seçim onlara məxsusdu. Rəhbərliyin qərarına hörmətlə yanaşıram.
 
– Bu kluba gəldiyinizə görə peşmansız?
– Qətiyyən peşman deyiləm. Ümumiyyətlə, peşman olmaq mənə aid məsələ deyil. Hər bir iş yerində nəsə qazanmışam. Burada da qazandıqlarım da oldu, itirdiklərim də.
 
– Bəlkə rəhbərlik sizə inanmadığına görə bu addımı atıb…
– İstefanı mən vermişəm. Rəhbərlik tərəfindən inamsızlıq olmayıb. İşlədiyim müddətdə rəhbərlikdən ancaq yaxşılıq görmüşəm. Mən yaxşılığı itirən insan deyiləm. Ona görə yalan danışa bilmərəm. Rəhbərliklə aramda heç bir problem yoxdu. (azerisport.az)
Shares: