“Rəvan”ın yeni baş məşqçisi Güvənc Kurtar Türkiyə mətbuatına müsahibə verib. Futbolinfo.az sizi türkiyəli mütəxəssisin açıqlamaları ilə tanış edir:
"Türkiyəyə qardaş ölkə olan Azərbaycana əvvəllər də gəlib-getmişəm. Burada özümü vətənimdəki kimi hiss edirəm. Bu duyğu da komandanın qurulmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan futbolunu, çempionatını öncədən də izləyirdim. Özümü vətəndən kənarda da göstərmək istəyirəm".
Kurtar daha sonra "Rəvan"da görmək istədiyi işlərdən danışıb: "Hələlik 1 illik anlaşma imzalamışıq. Əgər bu klubda işim uğurlu olarsa, müqaviləm uzadılacaq. Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Burada futbolçu yetişdirmək istəyirəm. Aşağı yaş qruplarına da önəm verəcəyəm. Milli komandaya da kömək edəcəyik. Bunların hamısını başımda planlaşdırmışam. Klub prezidenti və idarə heyəti ilə çox yaxşı anlaşaraq çalışırıq. Əvvəl futbolçuların mənəvi durumunu düzəltməliyik. Bunun üçün oyunçularda özünəinamı bərpa etmək lazımdı. Biz də buna çalışacağıq. Uğur qazanmaq üçün yeni bir sistem qurmağı arzulayıram".
Türkiyəli mütəxəssis "Rəvan"a öz ölkəsindən oyunçu transfer etməyin mümkünlüyünü dilə gətirib: "Türkiyədən futbolçu transfer edə bilərik. Lakin orada klubların maliyyə durumu daha yaxşı olduğundan türk oyunçular Azərbaycana üstünlük vermir. Əsas Azərbaycanda futbolçu yetişdirməkdi. Burada gənc futbolu yetişdirmək və hazırki oyunçuları daha yaxşı səviyyədə qaldırmaq bizim üçün daha faydalıdı. “Rəvan”dakı köməkçilərim də türk çalışdırıcılar olacaq".





