Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun futbolinfo.az saytına müsahibəsi
– Tətiliniz necə keçir?
– Adi qaydada. Evdə, ailəmlə birgə istirahət edirəm.
– Geridə qalan 2013-ü dəyərləndirsək, sizin üçün necə il oldu?
– İlin əvvəli yaxşı başlamışdı. Amma sonradan əməliyyat oldum. Heyətə təsadüfi hallarda düşdüm. İlin sonu yenə zədələndim. Yığma komandada çıxışım uğurlu oldu. Amma klub karyeram yalnız uğurlu transferlə yadda qaldı.
– Yeni ildən nə gözləyirsiz?
– Əsas can sağlığı və daim əsas heyətdə oynamaq.
– Sanislav Çerçesovun "Rubin"ə baş məşqçi təyin olunacağı barədə yayılan xəbərlərdən məlumatınız var?
– Hə, bilirəm. Hər şeydən xəbərim var.
– Çerçesov haqda nə bilirsiz?
– Düzü, geniş informasiyam olmasa da, "Amkar" və "Terek"də işlədiyini bilirəm. Deyilənə görə, yaxşı məşqçidi.
– Sizi "Rubin"ə Kurban Berdiyev aparsa da, heyətə təsadüfi hallarda düşürdüz. Necə fikirləşirsiz, Çerçesov ilə bu, daha çətin olmayacaq ki?
– Düşünmürəm ki mənə daha çətin olsun. Kim formada olacaq, hazır olacaq, ona da şans veriləcək. Mən özümü sübut edəcəm.
– "Qəbələ" sizi heyətinə qatmaqda israrlı idi. Bu təklif hələ də qüvvədədi?
– Bu haqda danışmaq istəmirəm. Məni daha çox "Rubin"dəki karyeram maraqlandırır.
– "Rubin"lə yollarınız ayrılsa, vətənə dönəcəksiz, yoxsa ancaq legioner həyatı yaşamağı düşünürsüz?
– Azərbaycana qayıtmaq fikrim yoxdu. Karyeramı xaricdə davam etdirərəm.
– Azərbaycana qayıtmaq fikrim yoxdu. Karyeramı xaricdə davam etdirərəm.
– Komandanız Avropa Liqasında inamlı təsir bağışlasa da, eyni sözü Premyer Liqadakı çıxışınız haqda demək olmaz…
– Düzdü, Premyer Liqada istədiyimiz nəticələrə nail ola bilmirik. Rusiya çempionatında bütün klublar bizə qarşı xüsusi motivasiya ilə çıxırlar. İnanıram ki? ikinci dövrədə turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıracağıq. Buna borcluyuq.
– Təlim-məşq toplanışınız nə vaxt başlayır?
– Yanvarın 11-də Antalyada yığışırıq. Mən birbaşa ora yollanacam. Hələ ki, toplanış barədə yalnız bunu bilirəm. Digər planlarımız barədə klubun düşərgəsinə yollanandan sonra xəbərim olacaq.
KƏMALƏ İSMAYILOVA





