Nazim Süleymanov bu gün redaksiyamızda qonaq olmalı idi. Ona veriləcək bir çox sualımız var idi. 
 
Amma sən demə, “Neftçi”nin sabiq baş məşqçisinin bizi 10 gündən çoxdu intizarda saxlamasının səbəbi var imiş. O, redaksiyamızda olmalı olduğu vaxt artıq istefa ərizəsini yazırmış. Neçə həftədi onu hədəfə alan, hər addımını tənqid edən Böyükağa Hacıyevin təzyiqi ilə…
 
Klub prezidenti Sadıq Sadıqovun müşaviri olan Hacıyev birvaxtlar komandanın tarixi uğurlarının memarı idisə, indi onu bataqlığa aparan biridi. Böyükağa bəy sanki dövlət büdcəsindən maliyyələşən “Neftçi”nin yiyəsidi. O, kimi istəsə, komandanın baş məşqçisi də həmin şəxs ola bilər. Hacıyev oyunçu transferlərinə də qadağa qoymaqla Süleymanovun gedişini tezləşdirdi ki, klub saytının nə yazmasından asılı olmayaraq, bunu bizə açıqlamasında Nazim bəy etiraf etdi.
 
“Neftçi”nin əsl yiyəsi artıq əvvəlki postuna qayıdır. Bunu isə biz hələ 2013-cü il dekabrın 25-də yazdığımız yazıda vurğulamışdıq. Düz 2 həftə əvvəl Futbolinfo.az-da oxuduğunuz bu yazıya diqqət yetirin və indiki hadisələri necə gözəl proqnozlaşdırdığımıza şahid olun:
 
Böyükağa Hacıyev yenə “Neftçi”nin baş məşqçisi olacaq
“Neftçi” yenə məşqçi dəyişikliyinə hazırlaşır. Sizə qəribə gəlməsin, bəli, söhbət Nazim Süleymanovu başqa bir mütəxəssislə əvəzləməkdən gedir.
 
Mövsümün gedişində bu posta gətirilən Nazim bəyin belə bir qərarla üz-üzə qalması sizə təəccüblü gəlməsin. Hamı fikirləşir ki, Süleymanov nə yatdı ki, nə də yuxu görə. Amma söhbət ondadı ki, Nazim bəy yatarkən Sadıq Sadıqovun yuxusunu görməlidi, görmürsə, yatmamalıdı.
 
Mahir Şükürov 90-cı dəqiqədə qol vurub komandasına qələbə qazandırmasaydı, Nazim bəy hələ “Qəbələ” ilə oyundan sonra çemodanını yığışdırmalıydı. Amma həmin görüşdə əyalət təmsilçisi məğlub edildi və istefa qərarı təxirə salındı. Qovulma təhlükəsi də təsadüfi deyildi. Bundan öncə “Qarabağ”a məğlub olduğundan komandada ab-hava pisləşmişdi. Son turda AZAL-a yenilgi isə yenidən klub prezidentinin düşüncələrində sual yaradıb.
 
Əslində, “Neftçi” faciəli durumda deyil. Komanda çempionluğun ən real namizədlərindəndi və liderdən cəmi 2 xal geridə qalır. Komandanın çempion olduğu ötən mövsümlərdə qış fasiləsinə daha pis durumda getdiyini və əsas rəqibləri ilə hələ 2 dəfə də görüşəcəyini nəzərə alsaq, vəziyyət qorxulu deyil. Ancaq iş ondadı ki, komandanın oyununda açıq-aşkar geriləmə var. Elə bu məqam da rəhbərliyi razı salmır. Bir dəfə müsahibəsində ardıcıl 5 çempionluq hədəflədiklərini dilə gətirən Sadıq Sadıqov arzularına çata bilməyəcəklərindən ehtiyatlanır. Onu məşqçi dəyişikliyinə getməyə isə daha çox müşaviri Böyükağa Hacıyev təhrik edir. “Neftçi”nin 2 çempionluğunun memarı olan mütəxəssis yenidən iş başına dönmək istədiyindən Süleymanovun ayağının altını qazır.
 
Sadıq Sadıqov indi dilemma qarşısındadı. Süleymanov təzə gəlib və hələ ki, istədiyi oyun modelini komandaya oturda bilməyib. Bundan başqa, yığmamızın sabiq kapitanı inanılmaz təzyiq altında və başqalarının qurduğu kollektivlə işləyir. Ona görə də onun şans verilmədən erkən qovulması ictimai qınaqla üz-üzə qalmaq demək olacaq. Amma digər tərəfdən də klub prezidenti risk etməyə qorxur. Belə ki, qış hazırlığından sonra komanda 3-cü dövrənin əvvəlində yenidən büdrəyə bilər. O zaman Süleymanov mütləq qovulmalı olacaq. Gəl ki, bu məqamda yeni gələn məşqçi çempionluq öhdəliyi götürməyəcək. Çünki komandanı Süleymanov hazırlamış olacaq və bütün məsuliyyət də onun boyuna biçiləcək. Bu səbəbdən Sadıqov iki yoldan birini seçməlidi: ya israrla baş məşqçi postuna dönməyə çalışan müşaviri və dostu Böyükağa Hacıyevi arzusuna çatdırmalı, ya da qış hazırlığını və transferlərini sabiq baş məşqçinin istəyi ilə gerçəkləşdirməlidi ki, gözlənilən istefa reallaşanda pis vəziyyətdə qalmasın.
 
Bilərəkdən bu məsələyə “Neftçi”dən kiminsə münasibətini öyrənmədik. Çünki cavabları təxminən bilirik: “Biz həmişə yerli məşqçiləri dəstəkləyirik”, “Bu, bizi istəməyənlərin yaydığı dezinformasiyadı” və s. Vaxtilə Tərlan Əhmədov haqda da belə deyirdilər, amma əslində, onun büdrəməsini gözləyirdilər. Bu büdrəmə isə Naxçıvanda reallaşdı və onun nə gəncliyinə, nə yerli olmasına baxdılar.
 
Əslində, Süleymanov da bu aqibəti haqq edib. Çünki o da Tərlan işləyə-işləyə “Neftçi”ylə danışıqlar aparır və həmkarının büdrəməsini gözləyirdi. Təsadüfi deyil ki, Əhmədov qovulan kimi yeni baş məşqçi bəlli oldu. İndi isə eyni hadisə oxşar ssenari ilə Nazim bəy üçün hazırlanlır. Ola bilsin, yaxın günlərdə, ola bilsin, çempionat bərpa olunduqdan sonrakı ilk büdrəmədə – istənilən halda Süleymanov “Neftçi”dən gedəcək. Onun yerinə isə Hacıyevin gələcəyinə kiçicik şübhə yoxdu.

 
FƏRİD
Shares: