"Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtarın futbolinfo.az saytına müsahibədi
– Təklif necə oldu?
– Mən Türkiyədə tanınmış məşqçiyəm. Mustafa Dənizli necədisə, demək olar ki, mən də eləyəm. Komanda uğur qazanmaq istədiyi üçün məni seçdi, mən də gəldim.
– Təklif almazdan öncə Azərbaycan futbolu və "Rəvan" haqda hansısa məlumatınız vardı?
– Azərbaycan futbolu haqda məlumatım vardı. Mənim burada futbolçum vardı. Türkiyəyə Azərbaycandan gələn futbolçuları tanıyıram. Rəşad Sadıqov vardı. Onunla da söhbət etmişdim. Mənim köməkçi məşqçim də baş məşqçi idi. Onunla söhbət etmişdim. "Xəzər Lənkəran"ın buradakı oyunlarına gəlmişdim. Azərbaycan klubları Türkiyədə oyun keçirir, onları izləyirəm.
– Təklif aldığınızda kiminlə məsləhətləşdiniz?
– Heç kimlə…
– Artıq bir neçə gündü ki, komandayla bir yerdəsiz. Komandada ab-hava necədi?
– Hələ 9 futbolçu sabah gələcək. Onlara istirahət verilmişdi. İndi bir arada olduğumuz futbolçular yaxşıdı. Əlimdə olan futbolçuları izləyirəm. Bir neçə transferimiz olacaq. Fiziki hazırlıqlarını yoxlamalıyam. Bundan başqa özümə köməkçilər gətirirəm. Onlarla birgə baxacağıq. Kimlərin lazım olacağına o zaman qərar veriləcək. Komanda çox qol buraxıb, az top vurub. Hazırda 9 xalla 9-cu pillədə qərarlaşıb. Buna görə də gücləndirmə işləri aparılacaq.
– Komandada sizi razı və ya narazı salan hansı məqamlar diqqətinizi çəkib?
– Futbolçulardan demək olar ki, razıyam. Hamısı tapşırıqları yerinə yetirməyə can atır. Mən onların futbolu dərk edərək oynamaqlarını istəyirəm. Mən həm də futbol müəllimiyəm. Hər kəs ürəklə hazırlaşır. Razı qalmadığım bəzi məqamlar var. Bu da vaxtın azlığı ilə əlaqədardı. Təxminən 15 günlük hazırlıq olacaq. Bu da hazırlaşmaq üçün az vaxtdı. Lakin biz bunun öhdəsindən gəlməyə çalışırıq.
– Futbolçulardan demək olar ki, razıyam. Hamısı tapşırıqları yerinə yetirməyə can atır. Mən onların futbolu dərk edərək oynamaqlarını istəyirəm. Mən həm də futbol müəllimiyəm. Hər kəs ürəklə hazırlaşır. Razı qalmadığım bəzi məqamlar var. Bu da vaxtın azlığı ilə əlaqədardı. Təxminən 15 günlük hazırlıq olacaq. Bu da hazırlaşmaq üçün az vaxtdı. Lakin biz bunun öhdəsindən gəlməyə çalışırıq.
– Komandanı gücləndirməyin lazımlığını dediniz. Hansı mövqelərə diqqət ayrılacaq?
– Legionerlər gəlmədən buna qərar verə bilmərəm. Komanda tam tərkibdə toplaşandan sonra bu haqda nəsə demək olar.
– Türkiyədən futbolçu gətirəcəksiz?
– Bu cür bir fikrimiz yoxdu. Amma Türkiyəyə getdiyimiz zaman buna baxacağıq. Mövsüm fasiləsində futbolçu gətirmək çətin olur. Üstəlik, bizim müəyyən büdcəmiz var. Doğru seçim üçün gecə-gündüz çalışıram. Demək olar ki, yuxusuz qalaraq bu məsələni həll etməyə çalışıram.
– "Rəvan"ın maddi vəziyyəti çox da yaxşı deyil. İstədiyiniz futbolçularla klub büdcəsi ayaqlaşa biləcək?
– Mən bunu həll etməyə çalışıram. Klub büdcəsinə uyğun transfer etmək istəyirik.
– Əcnəbi məşqçilər Azərbaycanda o qədər də uğur qazana bilmir. Siz necə, uğur qazanacağınıza inanırsınız?
– Mən də bunun üçün gəlmişəm. Keçmişə nəzər yetirdikdə Türkiyədə bura iki ən yaxşı məşqçi gəlib. Bunlardan biri Mustafa Dənizli, digəri də Rasim Karadı. Düzdü, başqa əcnəbi baş məşqçi gəlib, daha çox uğur qazana bilər. Baş məşqçinin işi həm özünə, həm də komandasına uğur qazandırmaqdı. Zənn edirəm ki, Azərbaycanda digər əcnəbi məşqçilər bizim qədər karyeraya sahib deyil.
– Köməkçiləriniz kimlər olacaq?
– Mənim köməkçim Türkiyədə tanınmış birisidi. Komandada Gökhan Kağızçıoğlu ilə birgə işləyəcəm. Qapıçılar üzrə də güclü bir məşqçimiz olacaq. Salih Sayar qapıçılarla işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi isə Hindal Gündüz olacaq.
– "Rəvan"ın cari mövsüdəki 4-cü baş məşqçisisiniz. Bu sizi qorxudur?
– Xeyr, bu məni qorxutmur. Mən burada qalıcı olmaq istəyirəm. "Rəvan"ı da növbəti mövsümdən çempionluğa oynatmaq istəyirəm. Çünki bu qədər baş məşqçi dəyişikliyi mənasızdı. Hər kəs mənim oyun tərzimi görəcək. Komandanın aut atışından künc zərbəsinə qədər diqqət edəcəm. Hamı bu fərqi görəcək. Buna görə də mən rahatam.
– Şahin Diniyev Azərbaycanın tanınmış baş məşqçilərindəndi. Onun komandadan ayrılma səbəbini öyrəndiniz?
– Mən hələ onunla danışmamışam. Diniyevin özü ilə bu barədə söhbət edəcəm. Mən də təcrübəli baş məşqçiyəm. Komandanın niyə bu vəziyyətə düşməsini mən bir oyun izləyəndən sonra gördüm. Məşqi də videoya çəkmişəm, yenidən izləyirəm. Bəlkə Diniyev bu problemi qısa vaxtda həll edə bilmədi, əlində imkanı olmadı. Diqqətli və səbrli olmaq lazımdı. Hər şey təcrübədən irəli gəlir. O da təcrübəli idi. Diniyevin neçə yaşı var?
– 47 yaşı var və 10 ildən artıqdı ki, baş məşqçi işləyir…
– Mən 27 illik baş məşqçiyəm. Mənim də təcrübəm çoxdu. Bu işdə aşağıdan götürüb yuxarılara qaldırdığım komandalar çox olub. Diniyevə də gördüyü işlərdən dolayı təşəkkür edirəm. Dəyərli bir baş məşqçidi, milli komandada da işləyib. Yaxşı bir mütəxəssisdən komandanı təhvil almışam. Özü ilə də bu barədə söhbət edəcəm və onun fikirlərini öyrənəcəm.
RÖVŞƏN ƏHLİMANOĞLU





