"Neftçi"nin baş məşqçisi Nazim Süleymanovun istefası futbol ictimaiyyəti üçün həm gözlənilən, həm də gözlənilməz oldu. Futbolinfo.az olaraq "ağ-qaralar"ın sabiq çalışdırıcısının bu addımına idman jurnalistlərinin münasibətini öyrəndik.
Natiq Muxtarlı: "Süleymanovun istefasında futbol adına hansısa məqam axtarmaq yersizdi. Bu istefa onu göstərir ki, Azərbaycanda klublar peşəkar üsullarla idarə olunmur. Burada pərdəarxası oyunlar, şəxsi maraqlar ön plandadı. Süleymanov bu oyunlarda məğlub olduğu üçün getməli oldu. Vəssalam! Bu istefanı əsaslandırmaq üçün futbola bağlı hansısa şərtləri qabartmaq olduqca gülüncdü. Elə ona görə də Azərbaycan futbolu gülünc günündədi".
Amal Abuşov: "Çox təəssüf ki, son 3 ilin çempionu olan "Neftçi"də məşqçilərin əvəzlənməsi prosesi bu cür eybəcər şəkil alıb. Arif Əsədovun istefasında da, Böyükağa Hacıyevin gedişində də oxşar məqamlar var idi. Bu mənada Süleymanovun istefasının da bu cür qəribə formada gerçəkləşməsinə təəccüblənmədim. Bu gedişdən həm Süleymanov, həm də "Neftçi" tərəfi çox şey itirdi. Artıq əminliklə söyləmək olar ki, Sadıq Sadıqov bu mövsüm komandasının çempion olmasında maraqlı deyil. Nazim bəyin gedişinə verdiyi izahlarda səbəblər kifayət qədər açıqlanıb. Klub rəhbərliyi və çalışdırıcı yumruğu eyni hədəfə vura bilmirsə, elə ayrılmaları məsləhətdi".
Elnur Məmmədli: "Süleymanovun indidən bu addımı nəyə görə atması çox təəccüblüdü. Komanda 3-cü yerdə gedir və hələ çempionatın başa çatmasına xeyli var. "Neftçi" Süleymanovla da çempion ola bilər, Süleymanovsuz da. Belə istefalar "Neftçi"nin nüfuzuna böyük zərbədi. Yenidən Böyükaga Haciyevin baş məşqçi postuna qayıdışı da gözlənilən ssenari idi. O, hələ müşavir vəzifəsinə təyin olunarkən bilinirdi ki, istənilən vaxt baş məşqçi ola bilər. "Neftçi" kimi böyük tarixi olan klubun bu cür addımlar atması çox təəssüf doğurur. Yenə "Rəvan"ı başa düşmək olar. Komanda yeni yaranıb, peşəkarlıq aşağı səviyyədədi. "Neftçi"nin rəhbərliyi isə daim peşəkarlıqdan danışır. Mənə elə gəlir, bu dəqiqə "Neftçi"də normal işləyən yeganə departament – Beynəlxalq Əlaqələr Departamentidi".
İxtiyar Əsgərov: "Süleymanovun təyinatından sonra onun bu postda çox qalmayacağı haqqında fikir formalaşmışdı. Bu fikri də yaradan klub daxilində normal ab-havanın olmaması, rəhbərlikdə mövcud qruplaşmaların olduğu barədə söz-söhbət idi. İstənilən halda, Süleymanovun postundan belə erkən getməsi “Neftçi”yə başucalığı gətirməyəcək. Mənə görə Süleymanovun bir ayağının bildiyini onu əvəzləyən Böyükağa Hacıyevin başı bilmir".
EMİN SƏFƏROV





