Yanvarın 5-dən Türkiyədə toplanışda olan “İnter” hazırlıq prosesi çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu artıq bu görüşlərin tarixlərini də müəyyənləşdirib. Belə ki, “İnter” yanvarın 11, 15, 18, 22 və 25-də meydana çıxacaq.
Yanvarın 15-də komanda Almaniyanın “Holşteyn Kil” komandasıyla qarşılaşacaq. Bu klub 1900-cü ildə təsis edilib və Almaniyanın 3-cü liqasında mübarizə aparır. “İnter”in rəqibi 1912-ci ildə ölkə çempionu olmasıyla öyünə bilər.
Yanvarın 18-də Kaxaber Sxadadzenin yetirmələri güclərini Qazaxıstanın “İrtış” (Pavlodar) komandasıyla keçiriləcək matçda sınayacaqlar. Bu klub ötən il Qazaxıstan çempionatını 6-cı yerdə başa vurub.
“İnter”in sonuncu rəqibi Almaniyanın “Arminiya” klubu olacaq. Almaniyanın 2-ci Bundesliqasında çıxış edən bu klub mövsümün birinci hissəsini 16-cı yerdə başa vurub.
Əlavə edək ki, “İnter”in yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək. (klub saytı)





