"Bakı" bu gün klub bazasında yeni ildəki ilk məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu saat 11:00-da məşqə başlayıb və hazırlıq prosesi 12:30-dək davam edib.
Lakin "zolaqlılar"ın məşqi tam heyətlə baş tutmayıb. Belə ki, baş məşqçi Milinko Pantiç və ispaniyalı futbolçular hazırlıq məkanında olmayıb. Pantiçin yoxluğunda komanda köməkçi məşqçilərin başçılığı ilə hazırlıq keçib. Ruben Qonzales, Mario Alvares, Alberto Noquera və Mario Rubio təlim-məşq toplanışına İspaniyada qatılacaq futbolçulardı. Risto Ristoviç, Marius Pena və Aleksandar Şoliç istisna olmaqla, digər əcnəbi futbolçular isə bir neçə günə komandanın düşərgəsində olacaq. Onlarla yanaşı yığmamızın qapıçısı Kamran Ağayev də "zolaqlılar"ın hazırlığında iştirak etməyib. Bu, bir daha onun komandadan göndəriləcəyini təsdiqləyir. Eyni zamanda transferə çıxarılan Mindauqas Kalonas da məşqə qatılmayıb.
Qeyd edək ki, komanda 15:00-da növbəti məşqini keçəcək. Bu dəfə futbolçular fitnes zalında fiziki hazırlıqla məşğul olacaqlar.





