Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlişi Azərbaycan futbolu adına böyük addım idi. Türkiyənin 3 nəhəngi ilə uğur qazanmış bir məşqçinin əsl futbola həsrət qalan ölkəmizdə, xoruz döyüşünə oxşayan çempionatımızda baş çıxarıb-çıxarmayacağı qarşıdakı 18 turda bilinəcək. Con Toşak da Azərbaycana gələrkən hamı belə dahi məşqçidən yalnız uğur gözləyirdi, amma sonu hamıya bəllidi.
 
Əslində, məşqçi dəyişmək klublarımızın adətidi. Klublarımız aləmi bir-birinə qatıb ayda bir məşqçi ilə müqavilə bağlamağı çox xoşlayırlar. Toşakın ən böyük səhvi cənub klubuna əsas transferləri yerli bazardan etməsi oldu. Zohair Benuahi, Franko Nildo, Rasim Ramaldanov Lənkəran klubundan öncəki komandalarında göstərdikləri oyunu burada göstərə bilmədilər.
 
Təəssüf ki, Dənizli də hələlik Toşakın getdiyi yolu gedir. Hələ ki, komandadan heç bir futbolçunu kənarlaşdırmayan Dənizli yalnız Premyer Liqada top qovan iki futbolçunu – Slavik Alxasov və Orxan Əliyevi transfer edib. Düzdü, işə gənclərlə başlaması doğru addımdı, amma komandanın gücünə güc qatacaq legionerlərin gəlişi artıq yubanır. Burada Dənizlini başa düşmək olar. O, həm də limiti nəzərə alaraq Slavik Alxasovu gətirməklə bəlkə də düzgün addım atdı. Amma ağır zədə keçirən və bərpa prosesindən sonra özünü “Sumqayıt”da heç cür göstərə bilməyən Orxan Əliyevin transferinin nəyə hesablandığını başa düşmək olmur. Hətta  gənc futbolçunun müayinədən gec keçməsi də onun bir neçə gün Türkiyə toplanışına yollanmasını ləngitdi. Ayağında hələ də problemi olan Əliyev bu səbəbdən yubanıb. Amma bu transfer sonunda həll olundu.
 
Bu iki gənc oyunçudan başqa heç bir transfer etməyən cənublular mövsümün ikinci yarısını da eyni durumda keçirə bilər. Mario Souzanın Braziliyadan yeni bir qapıçı ilə düşərgəyə gələcəyi deyilsə də, Dənizli bu qolkiperin Türkiyəyə gəlməsini istəməyib. Və beləcə klubun rəsmi seleksiyaçısı Mario Souzaya “yox” deyilib. Lənkəran azarkeşlərinin sevimlisi ikinci dövrənin sonuna yaxın Avropada və Cənubi Amerikada futbolçu axtarışına çıxsa da, hələ heç bir səs-səmir yoxdu. Baxışa heç bir futbolçu dəvət etməyən Lənkəran klubu susqunluğunu davam etdirir.
 
Digər maraqlı məqam isə Dənizlinin köməkçiləri ilə bağlıdı. İkinci dövrə başa çatar-çatmaz Hafiz Əliyev, Emin Quliyev, Covanni Melkiorre komandadan gedə bilərdilər. Səbəb isə türkiyəli mütəxəssisin özünün istədiyi köməkçilərini gətirmək istəməsi idi. “Çaykur Rizəspor”la uğur qazanan və oradakı məşqçi heyətini Lənkərana da gətirmək istəyən Dənizlinin bu istəyi gözündə qaldı. Çünki o, komandada olan məşqçilərlə işləməyə məcbur edildi. İbrahim Üzülməzlə hətta danışıqlar müsbət yekunlaşsa belə, hələ də o, cənubluların heyətinə dəvət edilməyib. Yalnız Oğuz Çətini özü ilə ölkəmizə gətirən Dənizli deyəsən, elə yalnız bununla kifayətlənməli olacaq. “Rəvan”a yenicə baş məşqçi təyin olunan Güvenç Kurtar artıq bütün köməkçilərini müəyyənləşdirsə də, neçə vaxtdı ölkəmizdə olan Dənizli heç bir addım atmır. 3 gün öncə autsayder kluba baş məşqçi təyin olunan Kurtar söz sahibi olduğunu sübut etdi. “Neftçi”dən istefa verən Nazim Süleymanov da getməsinin səbəblərini açıqlayarkən oxşar ifadə işlətdi: “Əgər işlələdiyim klubda mənə öz məşqçilər korpusumu yaratmağıma imkan verilmirsə, necə işləyim"? Amma Dənizli hələ də klub rəhbərliyinin qarşısında “susur”.
 
Çox güman ki, onun bu istəyinin qarşısı kəsilib. Axı, bizim ölkədə bütün məşqçilər klub rəhbərliyinə tabe və onun dediklərini etməyə “borcludu”. Dənizlinin Türkiyədə nəyə qadir olduğunu bilməyən yoxdu. Amma təcrübəli və tanınmış mütəxəssis futbolumuzun çirkin ab-havasında yavaş-yavaş batır. Əgər Dənizli mövsümə bu heyətlə və istədiklərini etmədən başlasa, o zaman o da, Toşak kimi özünü “yandıracaq”.
 
ELSEVƏR MƏMMƏDOV
Shares: