"Neftçi"nin sabiq məşqçisi Səmədağa Şıxlarovun futbolinfo.az saytına müsahibəsi
 
– Əhvalınız necədi?
– Şükür Allaha, yaxşıyam.
 
– Ötən gün baş məşqçi Nazim Süleymanovla birgə istefa verdiniz. Buna nə səbəb oldu?
– Özünüz bilirsiz ki, belə şeyləri baş məşqçi həll edir. Mən "Neftçi"yə Süleymanovla gəlmişdim, onunla da getməliydim
 
– "Neftçi" rəhbərliyi bunu Süleymanovun özünün istefa verməsi kimi qələmə versə də, bu, heç də inandırıcı görünmür…
– Xeyr, istefa ərizəsini Nazim müəllim özü Sadıq Sadıqova təqdim etmişdi.
 
– Nazim müəllim AZAL-a məğlub olduğunuz oyundan sonra açıqlamasında qeyd etmişdi ki, rəhbərliyin mənə şans verməsini istəyirəm…
– Xeyr, bu heç də belə deyil. Əgər klub rəhbərliyi onu saxlamaq istəməsəydi, elə AZAL-a məğlub olduğumuz oyundan sonra göndərərdilər.
 
– Düşünmürsüz ki, məşqçilərin işinə kənardan müdaxilələr olurdu?
– Xeyr, hər şey normal idi. Heç kəs kənardan müdaxilə etmirdi.
 
– Ancaq Tərlan Əhmədov "Neftçi"nin baş məşqçisi olan vaxt Böyükağa Hacıyevin onun işinə müdaxilə etdiyini açıqlamışdı…
– Mənim üçün bizim öz vəziyyətimiz maraqlıdı. Biz komandaya işləmək üçün getmişdik. Kimin yaxşı, nəyin pis olmasının mənə aidiyyatı yoxdu. Mənə elə şeylər bir o qədər də maraqlı deyil.
 
– Süleymanov istədiyi məşqçi korpusunun yaradılmasına və yeni futbolçuların alınmasına rəhbərliyin imkan vermədiyini bildirir. Sizcə, çempionluq uğrunda yarışan komanda məşqçinin bu tələbini niyə yerinə yetirmədi?
– Hər kəs deyir ki, komandaya yeni futbolçular gəlməlidir. Təzə qan, yeni nəfəs olmalıdı. Ancaq bütün bu məsələləri rəhbərlik həll edir. Məşqçilər istəklərini deyirlər, rəhbərlik də imkan dairəsində bunu edir. Mümkün olmayanda da etmirlər. Bu, bütün klublarda  belədi. Elə futbolçular var ki, onların müqaviləsi var. Onları transfer etmək o qədər də asan iş deyil. Elə səbəblər də var ki, biz bilmirik. 
 
– 40 ildi ki, futbolun içindəsiz. "Neftçi"yə illərinizi həsr etmisiz. Bu gedişdən sonra sabiq komandanızın rəhbərliyindən incimədiz?
– Heç vaxt. "Neftçi" bizim doğma komandamızdı. Futbol aləmində həmişə belə olub. Biri gəlir, digəri gedir. Bu, futbolun yazılmayan qanunudu. Yenə də deyirəm ki, "Neftçi" doğma komandamdı. Sabah yenə nə kömək lazım olsa, əlimizdən gələni etməyə hazırıq.
 
– Böyükağa Hacıyev komandanın sükanı arxasına keçdikdən sonra, sizə köməkçi məşqçi postu təklif olunsa, gedərsiz?
– Mənim özümə görə imicim var. Mənim hər kəsə hörmətim var. O cümlədən də Hacıyevə. Amma onun da yəqin ki, öz komandası var. Mənə belə bir şey təklif olunsa, getmərəm.
 
– Niyə?
– Nazim müəllimlə bir-birimizi çox gözəl başa düşürük. Biz AZAL-da da bir yerdə işləmişik. Sağlıq olsun, zaman göstərəcək. İmkan olsa, yenə birgə çalışacağıq. Olmasa da, deməli belə lazımdı.
 
– Sizcə, bu ayrılıqdan ən çox kim itirdi? Siz, yoxsa "Neftçi"?
– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Buna kənardan baxanlar daha dəqiq cavab verə bilərlər. Həmişə çalışmışam ki, həyatda öz mövqeyimi qoruyam. Yuxarıdan danışmağı heç vaxt xoşlamamışam. Bunu arzarkeşlər, prosesi kənardan izləyənlər daha yaxşı bilər.
 
EMİN SƏFƏROV
Shares: