Son günlərdə adı qalmaqallarla hallanan ölkənin bir nömrəli əlcək sahibi Kamran Ağayevin "Qəbələ" klubunun transfer siyahısında olduğunu xəbər vermişdik. Futbolinfo.az saytına açıqlama verən klubun vitse-prezidenti Fariz Nəcəfov Ağayevi transfer etmək istədiklərini təsdiqləyib:
"Düzdü, biz Kamran Ağayevin transferində maraqlıyıq. Ancaq hələ dəqiq bilmirik ki, "Bakı" Ağayevi transferə çıxarıb, ya yox. Bunun üçün də "Bakı" tərəfindən cavab gözləyirik. Kamran barəsində baş məşqçimiz Yuri Syominə məlumat vermişik. O da bu məsələyə isti yanaşır. Ancaq bununla bağlı heç bir görüşümüz olmayıb".
Qeyd edək ki, Kamran Ağayev baş məşqçi Milinko Pantiçlə yola getmədiyi üçün transferə çıxarılıb.





