"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun bu komandadan ayrılmağa hazırlaşdığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan qolkiper artıq özünə yeni klub tapıb.
 
Belə ki, əldə etdiyimiz məlumata görə, Nəzirov digər Premyer Liqa klubumuz “Qəbələ” ilə anlaşıb. “Sumqayıt”ın prezidenti Kamran Quliyev çərçivə qoruyucusunu 20 min dollar qarşılığında əyalət təmsilçisinə satmağa razılıq verib. Bu gün Anar bölgə klubu ilə görüşərək müqavilənin detallarını da müzakirə edib. Müqavilənin isə yaxın günlərdə imzalanması gözlənilir.
 
Onu da qeyd edək ki, Nəzirov Türkiyənin PTT 1-ci liqdə çıxış edən bir neçə kluba, həmçinin "Bakı"ya keçidi də gündəmdə idi. Lakin görünür o, keçmiş komandasında oynamağa üstünlük verib. Eyni zamanda "Qəbələ" də "Bakı"nın transferə çıxardığı Kamran Ağayevin xidmətində maraqlı idi. Amma paytaxt klubu millimizin qolkiperinə görə çox pul tələb etdiyindən "Qəbələ" də Nəzirovu almağa üstünlük verib.
 
Maraq üçün xatırladaq ki, Nəzirov əvvəllər də "Qəbələ"də çıxış edib. O, 2010-2013-cü illər aralığında məhz bölgə klubunda forma geyib.
Shares: