"Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– "Bakı"nın qışaqədərki çıxışını necə dəyərləndirərdiz?
– Vəziyyətimiz daha yaxşı ola bilərdi. İlk turlarda alınan məğlubiyyətlər, daha sonra uğursuzluq komandaya təsir etdi. Hazırda 5-ci pillədəyik. İnşallah, fasilədən sonra daha yaxşı olacaq. Ən azından Avropaya getmək istəyirik və bunun üçün də çalışmalıyıq.
 
– Qışdan sonra daha güclü "Bakı" yaratmaq üçün heyət gücləndirilməlidi?
– Bunu mən dəqiq deyə bilmərəm. Mən də futbolçuyam, amma biz böyük uğur istəyiriksə, gücləndirmə olmalıdı.
 
– Artıq ilk məşqə çıxdınız. Hazırlıq prosesi necə gedir?
– İstirahətdən sonra məşq bir az ağır oldu. Lakin işimiz budu, qaçmalıyıq. Komanda özünü toparlamalıdı. Bunun üçün də çoxlu məşq etməliyik.
 
– Milinko Pantiçin məşqdə olmaması öz təsirini göstərir?
– İkinci məşqçimiz Pantiçdən daha ciddidi. Əgər Pantiç uşaqlar yorulanda istirahət verirdisə, bu dəfə belə olmadı.
 
– Sənə elə gəlirmi ki, əvvəlki mövsümlərdəki Elvin Məmmədovu meydanda görə bilmirik…
– Ola bilər. Mən sizin fikrinizlə razılaşıram. Ancaq mən özlüyümdə yavaş-yavaş düzəldiyimi düşünürəm.
 
– "Bakı"nın bombardiri Mindauqas Kalonasın komandadan getməsinə münasibətinizi bilmək istərdik…
– Mən futbolçuyam, bu barədə danışmaq istəmirəm.
 
– Kalonas gedərkən yerli futbolçulardan şikayətlənmişdi…
– Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm. Bilmirəm o niyə gedib, kim çıxarıb. Hər kəsin öz işi var. Allah onun köməyi olsun.
 
– Bəs qapıçınız Kamran Ağayevin transferə çıxarılmasına münasibətiniz necədi?
– Kamran gedir? Bu da mənə aid olan bir məsələ deyil. Amma istəyərdim ki, xeyirlisi nədisə, o da olsun. Mən bu barədə bilmədiyim üçün danışmaq istəmirəm. Onun gedişi ilə bağlı fikirləri ya Kamranın özü, ya da rəhbərlik bildirməlidi.
 
– Ağayevin komandada qruplaşma yaratdığı deyilir…
– Bu yalnış məlumatdı. Belə bir şey yoxdu.
 
– Bir neçə gündü ki, mətbuatda sizin də yer aldığınız "siqaret qalmaqalı" yayılıb. Bu haqda nə deyə bilərsiz?
– Bunları hardan tapırlar bilmirəm. Orada siqaret çəkən heç kim yoxdu. Sadəcə, biz bir orada oturmuşduq.
 
– Amma stolun üstündə siqaret qutusu vardı…
– Ola bilər. Amma bu demək deyil ki, kimsə siqaret çəkir.
 
– Fasilədən sonra meydanda necə "Bakı" görə biləcəyik?
– Siz belə suallar verməlisiz. Amma təxribatçı suallar verirsiz. Öz adımdan deyə bilərəm ki, heç bir qruplaşma yoxdu. Mən də yerli futbolçuyam, bunu bilərəm. Fasilədən sonra isə daha yaxşı çıxış edib, Avropaya vəsiqə qazanmaq üçün çalışacağıq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: