Uzun müddətdi “Beşiktaş”ın rənglərinə bağlamaq istədiyi braziliyalı ulduz Ronaldinyo “Atletiko Mineyro”da qalmağı seçib. Futbolçunun öz klubu ilə sözləşmə müddətini uzatdığı açıqlanıb.
 
Futbolinfo.az xəbər verir ki, komandanın prezidenti Aleksandr Kalil “Twitter” hesabından “Tərəfdarlar əsəbləşməyə başlamışdı, amma əsas adam onları çox sevir. Müqavilə yeniləndi" sözlərini paylaşıb.
 
“Sambaçı”nın qardaşı və meneceri Asiss dünən Kalillə qısa görüşmənin ardından razılıq əldə edib. Xəbəri Ronaldinyo özü də “tvitter”də bu sözlərlə təsdiqləyib: "Bir il daha birlikdə olacağıq! Çox xoşbəxtəm".
 
Xatırladaq ki, ötən günlərdə Asiss İstanbula gələrək “Beşiktaş” idarəçiləriylə görüşmüş və bundan sonra tərəflərin sözdə razılıq əldə etdiyi iddia olunmuşdu. İddialarda yarımmüdafiəçinin illik 5 milyon avro maaş alacağı vurğulanırdı. “Atletiko Mineyro” isə Ronaldinyoya maksimum 4 milyon verə biləcəyini ifadə etmişdi.
 
Futbolçunun seçimini daha az maaş verən klubun xeyrinə etməsinin başqa səbəbləri var. Belə ki, Ronaldinyonun anası xərçəng xəstəsidi və o, anasının yanında qalmaq üçün karyerasını Braziliyada davam etdirməli olub.
Shares: