Sonra?
Sonra kimin ləyaqətinə özünün ağ-qara rənglərindən qara olanını sürtəcək «Neftçi»?
Nə baş verir bu klubda?
Yox, sualı son yaşananlardan dolayı vermirəm.
«Neftçi»də başverənlər bu gün olanlarla bitmir ki. Dünən də belə idi, ondan əvvəl də, lap ondan əvvəl də.
Güloğlan Cabbarov bütün ölkənin gözü qarşısında qabağına keçəni şillə-təpiyin altına salır – bu, klubun idarəetmə sistemindəki şəxs.
Mahir Şükürov hər dəfə çıxıb ağlının süzgəcindən keçirmədən, ağzına gələn, məsuliyyətsiz açıqlamalar verir – bu, klubun aparıcı futbolçusu.
Bir il əvvəl Avropa Liqasının qrup mərhələsində iştirak edən komanda bir il sonra Allahın «Skenderbeu»sunun qabağında dizlərini yerə atır – bu, klubun özü.
Tərlan Əhmədov baş məşqçi postundan qovulur, sələfi, hazırda klub prezidentinin müşaviri vəzifəsini tutan Böyükağa Hacıyev haqda tükürpədici açıqlamalar verir – bu da «Neftçi»də çalışanlar arasında münasibətin hansı səviyyədə olduğunun göstəricisi.
«Neftçi» eynən sovet dövründəki kolxozlar kimi idarə olunur. Bunu yazıram və bütün məsuliyyətimlə də arxasında dayanıram.
Bu «kolxoz»un sədri Sadıq Sadıqovdu.
«Neftçi»də nə baş verir versin, hamıda günah olur – Tahir Süleymanovda, Nazim Süleymanovda, Böyükağa Hacıyevdə, Tərlan Əhmədovda, hətta mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də. Təkcə «sədr»ə söz deyən olmur, təkcə onun haqqında güldən ağır nəsə demirlər. Axı «sədr»di… «Kolxoz»un sədri.
Sadıq Sadıqovu ilahiləşdirən, haqqında mədhiyyələr yazan yaltaq sürüsü ki var…
O sürü hansı psixologiya ilə böyüyüb, hansı amallar uğrunda yaşayır, nəfəs alır, nəfəs verir, bilmirəm. Bildiyim tək budu ki, «Neftçi»nin məşqçilik karyerasına qara ləkə vurduğu Nazim Süleymanovun futbolçu həyatının bir ili bəlkə də «ağ-qaralar»ın düşərgəsində çalışanların üstü-üstə hamısının həyat və yaradıcılığından ağır gələr. Sadıq Sadıqov Allah bilir harda, hansısa vəzifə uğrunda mübarizə aparanda, Nazim Süleymanov Rusiyada Azərbaycan futbolunun şərəfini ləyaqətlə qoruyurdu. İndi «Neftçi»də olanların bəzilərinə yad olan ləyaqətlə.
«Kolxoz»un sədrinin – Sadıq Sadıqovun «Neftçi»ni hansı prinsiplərlə idarə etdiyini Böyükağa Hacıyevi baş məşqçi postundan qovandan sonra müşavir vəzifəsinə gətirməsi göstərdi. Hacıyev klubda baş məşqçidən başqa istənilən vəzifəni tutursa, o klub üçün öz ovunu səbrlə gözləyən ilan, ya da canlı bomba rolunu oynayır. Biz bunu o vaxt «Bakı»da görmüşdük axı. Əsgər Abdullayev baş məşqçi, Hacıyev də klub prezidentinin müşaviri idi. Və gün gəldi, Abdullayevin «torba»sı tikildi, Hacıyev «sükan arxasına» keçdi.
Sadıq Sadıqov yaxşı «sədr» olsaydı, belə bir canlı bombanı «Neftçi»də saxlamazdı. O «bomba» gec-tez partlamalı idi və partladı da.
Kim itirdi?
«Neftçi»?
Yox, «Neftçi» belə şeylərə öyrəncəlidi.
İtirən Nazim Süleymanov oldu. Gül kimi futbol gündəliyinə iki-üç aylıq «kolxoz» günləri yazıldığı üçün.
Amma qəm yemə, Süleymanov. Sən tək deyilsən. «Kolxoz»da şərəf və ləyaqətinə «Nefçi»nin rənglərindən qara rəngin çökdüyü çoxları var. Onlar da sənin kimi «sədr»ə «dədə» deyə bilməyənlərdi.
Bundan sonra kimsə «Neftçi»də işləmək istəsə, «dədə» sözünü deməyi məşq etsin. Sadıq Sadıqovla uzun zaman çalışmağın açarı bu sözdədi.
Shares: