“Qəbələ”nin yeni transferi Ruslan Tağızadənin futbolinfo.az saytına müsahibəsi
 
– Təlim-məşq toplanışı necə gedir?
– Əla. Hər şey ürəyimiz istəyən kimidi.
 
– Komandaya tam uyğunlaşa bilmisiz?
– Yavaş-yavaş öyrəşirəm. Burada öncədən tanıdığım futbolçular olduğu üçün, o qədər də çətinliyim yoxdu.
 
– Komandada sizdən başqa yeni neçə futbolçu var?
– İki futbolçu var.
 
– Yuri Syominin rəhbərliyi altında məşq etmək necədi?
– Mənim üçün belə bir məşqçi ilə çalışmaq qürurvericidi. Syomin çox gözəl insan və məşqçidi.
 
– Transfer zamanı başqa variantlar da var idi. Nə üçün məhz “Qəbələ”?
– Çünki “Qəbələ” bu transferdə daha israrlı idi. Həmçinin burada bir futbolçunun özünü sübut etmək üçün hər bir şərait var. Belə komandada oynamaq mənim üçün böyük bir şeydi. Bundan da irəli getmək istəyirəm. Həmçinin Syomin kimi məşqçinin yanında olmaq mənə əlavə stimul verəcək.
 
– “Qəbələ” və AZAL arasında nə kimi fərqlər var?
– Bu barədə danışmaq çətin olar. Burada olduğum üçün sevincliyəm.
 
– AZAL-dan “Qəbələ”yə keçdiyiz zaman demişdiz  ki, keçmiş komandamda hədəfim belə  bir güclü komandada oynamaq idi. Bəs “Qəbələ”də hədəfiniz nə olacaq?
– Düzdü, belə bir söz demişdim. Bir arzuma çatdım. İndi isə yeni komandamla çempion olmaq və Avropada uğur qazanmaq istəyirəm. Həmçinin bu komandanın heyətində əsas milli komandaya çağrılmaq fikrindəyəm.
 
– “Qəbələ” tarixinin ən yaxşı dövrünü yaşayır. Komanda çempionluğa nə qədər yaxındı?
– Bi il komandamız çempionluğa ən yaxın komandalardandı. Məncə, bizə çətinlik yaradacaq tək rəqib “Qarabağ” olacaq. Mən inanıram ki, Syominin rəhbərliyi altında bu komanda çempion olacaq.
 
– “Neftçi”ni siyahıdan sildiniz…
– “Neftçi” yaxşı komandadı. Həmişə çempionluq üçün oynayıb. Hər bir komandanı məğlub edəcək gücdədilər. Amma bu mövsüm çempionluq üçün sadəcə iki komanda – “Qəbələ” və “Qarabağ” yarışacaq.
 
– “Qəbələ”nin ən çox problemləri olan yeri kimi müdafiə xətti vurğulanır…
– Deməzdim ki, çox problem var. Mənim fikrimcə, bir az da güclənsə, heç bir şey qalmaz.
 
– Qapı xəttini necə, problemli mövqe adlandırmaq olar?
– Braziliyalı qapıçı Dieqo Koştanı tanımıram. O, zədəlidi. Petrkeviçi isə “Simurq”dan tanıyıram. Orada oynayarkən də mənim çox xoşuma gəlirdi. O, yaxşı qapıçıdı.
 
– Kamran Ağayevin də “Qəbələ”yə keçidi gözlənilir…
– Millimizin əsas qapıçısı bura gəlsə, bu lap əla olar.
 
– “Qəbələ” ilk oyununda “Maltepespor”la qarşılaşdı və Türkiyənin 3-cü division komandasına qalib gələ bilmədi…
– Baş məşqçimiz bu oyunda meydana iki fərqli heyət buraxmışdı. İlk hissədə qalib gəlirdik. İkinci hissənin sonunda qələbəni əldən verdik. Məşqçimiz ikinci yarıya fərqli heyətlə çıxardı. Burada məqsəd qələbə deyildi. Sadəcə, futbolçuların durumuna baxmaq və yeni oyunçuları yoxlamaq idi.
 
– Bayaq milli komandada oynamaq istədiyinizi dediniz. Foqts yenidən yığma komandanın baş məşqçi postunda saxlanıldı. Sizcə, bu düzgün addım idi?
– “Qəbələ”nin heyətində əsas hədəflərimdən biri əsas milli komandaya düşmək olacaq. Buradan yığma komandaya getmək o qədər də çətin olmayacaq. Yenə də mənim özümdən çox şey asılıdı. İnanıram ki, növbəti siyahıda öz adımı da görəcəm. Foqtsun millidə saxlanılmasına gəlincə, bunu düzgün qərar sayıram. DÇ-2014-ün seçmə mərhələsinə baxsaq, Rusiya və İsrail kimi komandalardan xal aldıq. Rekord xal yığdıq.
 
– Bu oyunlarda bəxt amilini də nəzərə almaq lazımdı…
– Deməzdim ki, sadəcə bəxtimiz gətirib. Foqtsa inanmaq lazımdı. Gözləyək, görək gələn qrup oyunlarında nə olacaq.
 
– Bayaq dediniz ki, “Qəbələ”dən milli komandaya getmək daha asandı. Deməli AZAL-da çətin idi. Buradan belə çıxır ki, Foqts ancaq çempionluğa oynayan komandaları izləyir. Əgər Syomin sizin oyununuzu görüb “Qəbələ”yə çağırdısa, bəs Foqts nə üçün sizi keçmiş komandanda görüb milliyə dəvət etmədi?
– Bu barədə nəsə deyə bilmərəm. Mənim üçün fəxrdi ki, Syomin oyunu bəyənib. Bundan sonra üzərimdə çalışıb daha yaxşı oynayacam. Foqtsu məcbur edəcəm ki, məni milliyə çağırsın. Yığmaya layiq olduğumu ona sübut edəcəm.
 
ELSEVƏR
Shares: