"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıq prosesi necə gedir?
– Gündə iki dəfə məşq edirik. Hər şey öz qaydasındadı. Təzə gələnlərə də baxırıq. Deyərdim ki, hər şey normaldı.
 
– Yeni dövrədə "Sumqayıt"da hansı dəyişikliyi görmək olacaq?
– Çox dəyişikliklər oldu. İcarə əsasında bizim komandada oynayanlar və bir neçə futbolçu komandadan getdi. Hələ ki, rəsmi olaraq Tərzin Cahangirov, Ramil Mansurov, Rəhman Hacıyev bizdədi.
 
– Hazırda komandanın düşərgəsində baxışa gələn futbolçulardan hansıları heyətə cəlb etməyi düşünürsünüz?
– Bir neçə futbolçu var ki, onların komandada qalmasını istəyirəm. Kamil Hüseynov milli komandayla təlim-məşq toplanışına yollanıb. Onun da bizdə oynamasını istəyirəm. Yəni bir neçə futbolçular var ki, onlar komandaya kömək etmək istəyir.
 
– Cari mövsümdə "Sumqayıt"ın əsas heyətini icarə əsasında oynayan futbolçular təşkil edirdi. Onların gedişindən sonra komanda demək olar ki, boşaldı. İndi də icarə əsasında futbolçu gətirirsiniz. Futbolçunu almağı düşünmürsüz?
– Təbii ki, biz də istəyərdik ki, futbolçu özümüzə məxsus olsun, icarə əsasında oynamasın. Amma bu, bir az çətin məsələdi. Bizdə yerli futbolçulardı və onların da öz klubları ilə müqaviləsi var. Ancaq bacardığımız qədər futbolçu almağa çalışırıq. Məsələn, Ramil Mansurov "İnter"dən gəlib və onunla 2 illik müqavilə imzalamışıq. Rəhman Hacıyevi də misal göstərmək olar. Bunları məcburən icarə əsasında oynadırıq.
 
– Anar Nəzirovun gedişindən sonra demək olar ki, "Sumqayıt"ın qapıçısı yoxdu. Bu mövqeyə kimləri düşünürsünüz? Andrey Popviç bir müddətdi ki, komandanın düşərgəsidi…
– Çox güman ki, Popoviç komandada qalacaq. Digər qapıçımız Tərlan Əhmədlidi, o da hələ gəncdi. Bizim üçün yaxşı futbolçu, qapıçı almaq çox çətindi. Mən istəyərdim ki, Anar Nəzirov bizdən getməsin. Lakin bu, futboldu, hər şey ola bilər. Çalışacağıq ki, gənclərə də üstünlük verək. Tərlan "Xəzər Lənkəran"la oyunun ikinci hissəsində özünü doğrultdu. Bununla da o Premyer Liqada oynamağa şans qazandı.
 
– Popoviçdən başqa "Qusar"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də sizin düşərgədədi…
– Bir gün bizim məşqimizdə oldu və müsbət təsir bağışladı. Onunla yenə söhbət edəcəyik və komandada qalmasını istəyərdim.
 
– Daha bir məlumat Kamran Ağayevlə bağlıdı. Millinin qapıçısının klub tapmadığı üçün "Sumqayıt"a gələcəyi deyilir…
– Bu söhbəti mən sizdən eşidirəm. Kamran Ağayev Azərbaycanda 1 nömrəli qapıçılardandı. O bizim komandaya gələrsə, lap yaxşı olar. Elə düşünürəm ki, hər bir məşqçi Kamran kimi qapıçını öz komandasında görməkdən məmnun olardı.
 
– Elçin Sadıqovun "Sumqayıt"dan qovulduğu bildirilir…
– Onu heç kim qovmayıb. Gənc futbolçudu, bizə yaxınlaşıb ayrılmaq istədiyini bildirdi. Əsas heyətə düşə bilmədiyi üçün komandadan getmək istəyirdi.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: