Azərbaycan futbolu meydandan daha çox kənarda baş verənlərlə gündəmə gəlir. Stadionda davalar, azarkeş həbsləri, futbolçuların qalmaqallı açıqlamaları və s. "Neftçi"nin müdafiəçisi Mahir Şükürovun saytımıza verdiyi son müsahibədəki fikirləri də elə qalmaqallı açıqlamalar siyahısına daxil oldu: "Azərbaycanda iki məşqçi var – Böyükağa Hacıyev və Qurban Qurbanov". Mahir bu fikri ilə həm rəhbərliyi altında oynadığı Ağasəlim Mircavadova, Nazim Süleymanova, Şahin Diniyevə, Vaqif Sadıqova, həm də digər məşqçilərə hörmət etmədiyini açıq-aşkar göstərdi.
Bəs Mahirin verdiyi açıqlama ilə hörmətsizlik etdiyi məşqçilərin bu fikrə münasibəti necədi? Buna aydınlıq gətirmək üçün həmin mütəxəssislərlə söhbətləşmək qərarına gəldik.
Şahin Diniyev: "Bir futbolçunun hansısa məşqçi haqda dediyi bu cür fikirlər heç bir çərçivəyə sığmır. Məşqçi elə məşqçidi, istər aşağı yaş qrupu olsun, istər böyüklər. Lakin fikirləri bildirəndə diqqət etmək lazımdı. Mən özüm üçün demirəm, ümumiyyətlə onu futbolçu edən məşqçiləri fikirləşmək lazımdı. Bilmirəm nəyə görə bunları deyib, amma mən onun fikirlərinə pis yanaşıram. Sadəcə, peşəkar insanları yaxşı və pis qrupa ayırmaq futbolçuya yaraşmayan hərəkətdi".
Vaqif Sadıqov: "Hər bir insanın öz fikir var və buna hörmətlə yanaşıram. Əgər o iki nəfər tanıyırsa, qoy tanısın. Özü bilər. Təki burda bizim futbolumuz udsun. Mahir bundan da artığını əldə etsin".
Yunis Hüseynov: "Bu fikrə hörmətlə yanaşıram. Mahirin dedikləri onun öz fikridi və mən bu haqda heç nə deyə bilmərəm. O, elə fikirləşir. Mən ona deyə bilmərəm axı niyə bizi bəyənmirsən. Mahir elə fikirləşirsə, deyiləsi bir sözüm yoxdu".
Nazim Süleymanov: "Hər zaman peşəkarlıqdan danışırlar. Mahir Şükürovun belə danışıqlarını hamı bilir. Qurbanovu, Hacıyevi, Süleymanovu, eləcə də digər məşqçiləri hər kəs tanıyır. Biz indi onun dedikləri ilə oturub-durmuruq. İnsan gərək hər şeyə hörmətlə yanaşa. Milli komandanın üzvüdü, onun bu cür açıqlamalarının haradan qaynaqlandığını bilmirəm. Kimsə bu cür açıqlama verirsə, onların səviyyəsinə düşməyə ehtiyac yoxdu. Elin gözü tərəzidi".
Ağasəlim Mircavadov ölkə xaricində olduğundan onunla bu barədə danışa bilmədik. Tərlan Əhmədova sualımızı ünvanlasaq da, heç bir cavab almadıq. Lakin aydın məsələdi ki, onlar da Mahiri bu cür açıqlamalarına görə alqışlayası deyildi.





