Nəhəng klublar öz heyətlərini formalaşdırmaq üçün iki üsuldan istifadə edir: ya öz akademiyasında oyunçu yetişdirib ulduzlaşdırır ("Barselona" kimi), ya da büdcəsinin böyüklüyündən istifadə edib "bişmiş" ulduz oyunçunu başqa klublardan transfer edir ("Mançester Siti" kimi). İkinci üsul daha çox son illər ortaya çıxan bir haldı. Hansı ki, ərəb, rus, asiyalı və digər milyarderlərin futbola sərmayə qoymasından sonra bu halla rastlaşmağa başladıq. Bir klub bir uşağı lap kiçik yaşlarında heyətinə cəlb edib, onunla möhkəm məşğul olur, məşq etdirir və s. Düzdü, bir oyunçunu bu cür yetişdirmək daha ucuz başa gəlir, lakin onun ərsəyə gəlməsi üçün illər sərf olunur. Üstəlik hər bazada oynayan yeniyetmə də gələcəkdə ulduz ola bilmir.
 
Misal götürək, gələcək futbol ulduzlarının bu oyunun sirlərini və klub mədəniyyətini öyrəndiyi La Masia ("Barselona"nın futbol akademiyası) "Barselona"nın bugünkü uğurlarında əvəzolunmaz rol oynayır. Xavi Hernandes, Andres İnyesta, Karles Puyol, Xordi Alba, Serxio Buskets, Xerard Pike, Sesk Fabreqas, Lionel Messi, Pedro Rodriqes kimi futbolçular uşaq yaşlarından La Masiada futbol oynayaraq böyüyüblər. Yenə eyni məkanda və sistemdə çalışan Xosep Qvardiolanın öndərliyində 2008-12-ci illər arasında böyük kuboklar qazandılar. Həmin 4 illik period əslində dünyaya böyük bir mesaj idi. Hansı ki, zəhmət çəkərək öz akademiyanda yetişdirdiyin oyunçularla ən yaxşı ola bilməyin göstəricisi idi.
 
Madriddə dəyişiklik var
 
"Barsa"nın əzəli rəqibi "Real" bu mesajdan təsirlənib ki, son dövrlər La Fabrikada yetişən oyunçulara diqqət ayırmağa başlayıb. Hərçənd ki, Emilio Butraqueno, Raul Qonsales, Quti Hernandes, İker Kasilyas kimi simalara baxmayaraq, "Real" bu günün özünədək astronomik transferləriylə ön plandadı. Demək olar ki, Kasilyasdan bəri gənc komanda mənşəli bir oyunçunun əsas komandada ad çıxardığını görmək mümkün deyil. Əsas komandaya çıxanlar da ya istənilən səviyyədə olmur, ya da ulduzların kölgəsində qaldıqları üçün başqa klublara keçirlər. Ancaq artıq dövr dəyişib. Artıq dünya ulduzlarını heyətinə qata biləcək maddi qaynaq təkcə "Real"da yoxdu. PSJ, "Mançester Siti", "Çelsi", "Monako" kimi zəngin müdirli klublar zərərə getmə bahasına belə transferlər edirlər. Bazarın yeni şərtləri, "Real"ın transfer və gənc oyunçu siyasətlərində ciddi dəyişikliklərə getməsinə səbəb olub. Hələ də ciddi transfer xərcləri var, ancaq həm də satılan oyunçulardan da xeyli gəlir əldə olunduğunu unutmamaq lazımdı. İndi "Kral Klubu" təkcə alan yox, həm də satan klubdu. Üstəlik transferlərdə daha gənc oyunçulara üstünlük verilir.
 
Ötən yay İsko, Asyer İlyarramendi, Qaret Beyl, Kasemiro, Daniel Karvahal kimi gənc simalar komandaya qatıldığı halda onlardan 3-4 yaş böyük olan Qonsalo İquayn, Raul Albiol, Xose Kallexon, Məsut Özil, Pedro Leonla yanaşı Kaka və Rikardo Karvalyo kimi yaşlı oyunçularla da yollar ayrıldı. Əslində bu bir az da Joze Mourinyonun "Santyaqo Bernabeu"da təlqin etdiyi bir fəlsəfə idi. Onun dövrünə baxsaq, transfer edilən əksər oyunçular – Nuri Şahin, Məsut, Rafael Varan, Fabio Koentrao, Anhel di Mariya, Sami Hedira bura gələndə 23 yaşın altında idilər.
 
Yetişdirmək, ulduza çevirmək və əldən buraxmamaq
 
Ötən həftələrdə PSJ ilə yoldaşlıq görüşü zamanı La Fabrika və "Kastilla"dan ("Real"ın sequndadakı rezerv komandası) çıxmış 6 oyunçu start heyətdə idi: Naço Fernandez, Alvaro Arbeloa, Diyeqo Lopez, Xese Rodriqes, Joze Rodriqes və Alvaro Morata (Moratanın eynilə Raul kimi "Atletiko"nun akademiyasından "Real"ın gənc komandasına transfer olduğunu əlavə edək).
 
Hər nə qədər yüksək potensiallı futbolçular olsa da, Morata, Xese və Joze kimilərin klubdakı gələcəkləri sığortalanmayıb. Alvaro Arbeloa, Roberto Soldado, Xuanfran, Xuan Mata, Xavi Qarsiya, Pablo Sarabia, Xose Manuel Xurado kimi bir çox oyunçu var ki, La Fabrikadan məzun olub, lakin əsas komandada forma şansı tapa bilmədən başqa klublara getmək vəziyyətində qalıb. Düzdü, "Real"da yetişib, bir müddət başqa klublarda oynamış Arbeloa, Karvahal və Diyeqo Lopes artıq "Real"a qayıdıblar. Ancaq digərləri fərqli ölkələrdə və klublarda karyeralarını davam etdirir.
 
İkinci bir məsələ isə budu ki, "Real"ın yeni ulduzları ilə keçmiş ulduzları arasında ciddi yaş fərqi var. Kriştianu Ronaldo Madridə gələndə 24, Qaret Beyl isə 23 yaşında idi. "Qalaktikos" dövrünün baş aktyorları Zinəddin Zidan, Ronaldo, Devid Bekhem və Luiş Fiqu isə "Kral Klubu"na qoşulanda 27-28 yaşlarına çatmışdılar və ən çox 4-5 mövsüm "Bernabeu"da qala bilmişdilər.
 
Zidan amili
 
"Real"ın birinci "qalaktikos" dövrünün baş rol ifaçılarından olan Zidan 2010-cu ildən bəri klubda çalışır. 2013-cü ilin yayında baş məşqçi Karlo Ançelottiyə köməkçi təyin olunan fransalı klub prezidenti Florentino Peresə görə, komandanın gələcək planlarındakı açar şəxslərdən biridi. O, Zidanın baş məşqçi olacağı günü də görə bildiyini açıqlayırdı. Nə qədər gizli saxlanılsa da, onun Beyl, İsko və Varan kimi oyunçuların transferində baş rol oynadığı bəllidi. Üstəlik Koentrao, di Mariya kimi oyunçuların klubda qalmasını da o təmin edib.
 
Zidanın beynində gənc və potensiallı transferlər və La Fabrikadan çıxan futbolçuların skeletini meydana gətirdiyi bir komanda var kimi görünür. Əsas sual isə, Morata, Xese, kimi elitar səviyyəyə çıxma ehtimalı olan oyunçuları gözləyəcək səbir "Real"da mövcuddumu? İkincisi "Real" azarkeşlərində belə bir gözlənti varmı? Bu sualların cavabını isə zaman verəcək…
 
AMİN
Shares: