Hər bir komanda öz azarkeşi üçün oynayır. Qazanılan uğurlar azarkeşləri sevindirir və həmin futbolsevərlər də öz klublarına daha çox rəğbət bəsləyir. Təbii ki, stadionlarda azarkeş tutumlarının məhdud olduğunu nəzərə alsaq, deməli komandanın oyunu həm də televiziya vasitəsilə göstərilməlidi. Bu isə müxtəlif yollarla baş verir. Məsələn, yayım üçün klub televiziyaya pul ödəyir, çempionatın sponsoru yayımın haqqını ödəyir və s. Biz bu gün hansı klubun oyunlarının televiziyadan yayımlanmasını yox, hansılarının öz oyunlarını azarkeşə göstərməyə çalışmasından danışacağıq, daha doğrusu yazacağıq.
Adətən televiziya vasitəsilə oyun yayımlanmırsa, azarkeşlər klubların rəsmi saytından məlumat alırlar. Yəni klublar öz oyunlarını rəsmi saytları vasitəsilə azarkeşlərə təqdim edir. AZAL-ın rəsmi internet səhifəsi olmadığından bu klub haqda danışmaq yersizdi. Hər halda Vaqif Qasımov və Vaqif Sadıqovun sözlərinə inansaq, fasilədən sonra "təyyarəçilər"in də rəsmi saytı fəaliyyət göstərəcək. Yalnız bundan sonra nədənsə danışmaq olar.
Oyunların onlayn yayımlanması baxımından bir neçə klubu alqışlamaq olar. Bu siyahıya "İnter"i, "Bakı"nı, "Xəzər Lənkəran"ı və "Simurq"u aid etsək, yanılmarıq. "Bankirlər" artıq xeyli müddətdi ki, mavi ekran vasitəsilə yayımlanmayan matçlarını onlayn şəkildə azarkeşlərə təqdim edir. Adıçəkilən klubların bu addımı doğurdan da təqdirəlayiqdi. "Xəzər Lənkəran"ı digər klublardan fərqləndirən daha bir cəhət var. Bu isə Lənkəran klubunun rəsmi saytında "3D" formatlı görüntünün yerləşdirilməsidi. Klubun saytına daxil olan azarkeşlər bu "3D" vasitəsilə stadion haqda ətraflı məlumat toplaya, baza ilə tanış ola bilərlər. Bu, həmdə klub bazasının əcnəbilər tərəfindən də tanınmasına gətirib çıxarır.
Premyer Liqanın digər 6 iştirakçıları isə bu sahədə inkişafdan geri qalıb. Çempionatın hazırkı lideri "Qarabağ" bəlkə də video sahəsində irəli addım etməyən yeganə klubdu. Klub saytına nəzər saldıqda yalnız vurulan qolların görüntüsünü görmək olar. Bu gedişlə çətin ki, Ağdam klubu onlayn televiziya sahəsində nəsə bir addım atsın. Deməli "Qarabağ" azarkeşləri yalnız televiziya vasitəsilə komandalarının oyununu izləyə biləcək. Maddi cəhətdən problem yaşamayan "Qəbələ" də bu rəqabətdə uduzur. Klubun rəsmi saytında yalnız "youtube" kanalı yerləşdirilib ki, buradan da yalnız oyunların icmalını izləmək olar. Bu bölgə təmsilçisinin də tv-də yayımlanmayan oyununu izləmək üçün yalnız stadiona getməlisən.
"Neftçi"də də vəziyyətin acınacaqlı olduğu göz qabağındadı. TV bölməsi olmayan saytda yuxarıda sözügedən klub kimi yalnız "youtube" bölməsi fəaliyyət göstərir. Sayta daxil olan hər bir kəs yalnız oyun icmallarını izləyə bilər. "Rəvan" və "Sumqayıt"ı da bu qrupa daxil etmək olar. Hər iki klubun rəsmi saytı oyunları canlı yox, sonradan icmal şəklində təqdim edir.
Büdcələri nəzərə alsaq, tam əminliklə demək olar ki, heç bir klub üçün oyunların rəsmi sayt vasitəsilə canlı yayımlanması problem olmaz. Bu, həm azarkeşlərin komandalarını daha çox izləməsi, həm də özlərinin reklamı deməkdi. İnternet əsri olduğunu düşünsək, deməli hər bir elita təmsilçimiz bu addımı atmalıdı. Çünki heç bir klub rəhbərliyinin komandasını azarkeşlərdən gizlətmək hüququ yoxdu. Çünki futbol azarkeşlər üçün oynanılır.
RÖVŞƏN ƏHLİMANOĞLU





