“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin Antalya şəhərinə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyənin “Gənclərbirliyi” klubu ilə yoxlama oyunu (0:2) və hazırlıq barədə sualları cavablandırb.
– Artıq ikinci yoxlama oyununu keçirdiz. Bu dəfə də qol vura bilmədiz. Nikbin düşünməyə əsas verən məqamlar varmı?
– Hər şey yaxşılığa doğru gedir. Qol vurmamaq ayrı şeydi, belə imkan yaratmamaq ayrı. Biz bu gün də, “Çaykur Rizəspor”la matçda da qol vura bilərdik. Bu, vacib deyil. Düzdü, qol vurmaq baxımından problem var. Lakin bunu həll edərik.
– Heyəti gücləndirmək üçün yeni transferlər olacaqmı?
– Axtardığımız futbolçunu hələ tapmamışıq. Hücumameylli futbolçu transfer etməliyik. Qol imkanları yarada biləcək oyunçu istəyirik. Bir neçəsi ilə danışığımız olub. Bəziləri gəlmək istəməyib, bəziləri yüksək pul istəyib. Amma hələ avxtımız var. Heyətə iki oyunçu qatacağıq. Bütün bunlar hazırlığın bir parçasıdı. Belə oyunlardakı nəticə də vacib deyil.
– İki oyunçu transfer etmək istədiyinizi dediz. Onlar alınmasa, necə olacaq?
– Məncə, ən azı biri alınar. Mütləq birini transfer edəcəyik.
– Futbolçuların bugünkü durumundan razı qaldız?
– Futbolçu bir gün yaxşı oynaya bilər, digər gün pis. Əsas odu ki, onların nə bacardığını bilirik.
– Türkiyəli futbolçu Hasan Kabze komandanıza gəlməyə razı olduğunu deyib…
– Bunu sizdən eşidirəm. Türkiyədən futbolçu alamq üçün klublarınız indi ödədiklərindən 2-3 qat artıq ödəməlidi. Bu məsələni də araşdırarıq.
– Heyətdəki müəyyən dəyişikliklər nə ilə bağlı idi?
– Bu, sadəcə hazırlığın bir parçasıdı.
– Yeni qapıçı Vyekoslav Tomiçin oyunu haqda nə deyə bilərsiz?
– Tomiçi mən Türkiyədən tanıyıram. Duqlas Leytenin gedişindən sonra qapıçı almağa ehtiyacımız var idi. Belə matçlar ona qiymət vermək üçün yetərli deyil.
– Bundan sonra yenə yoxlama oyununuz olacaq…
– Ayın 25-də daha bir matç keçkirmək istəyirik. Bəlkə də bu oyun oldu. Bizim oyundan daha çox məşq keçməyə, çalışmağa ehtiyacımız var.
– Qış fasiləsindən sonrakı ilk turda qarşılaşacağınız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov artıq iki matçdı sizin komandanı izləyir. Bəs siz onların sabahkı oyununa gedəcəksiz?
– Yox. Bizim üçün hər rəqib önəmlidir. Biz də o qarşılaşmalara hazırlaşacağıq. “Qarabağ”ın matçına gedib-getməyəcəyimizi isə elan edəsi deyilik.
ELSEVƏR, ANTALYA





