Adı dəyişdirilsə də, fəaliyyəti sürpriz şəkildə bərpa olunan İmişli təmsilçisi "Mil-Muğan" yanvarın 9-dan məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, hazırlığın əsas hissəsini doğma rayonda keçirən komanda yoxlama oyunları üçün İmişlinin tərk edib.
 
Gənc məşqçi Mətləb Məmmədovun rəhbərlik etdiyi klub ilk belə görüşündə bu gün Bakıda "Rəvan"ın əvəzedici heyəti ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub. Məmmədov bu matçda əsasən baxışa dəvət olunan yeni futbolçuları sınayıb. Qeyd edək ki, klub rəhbərliyi qış fasiləsində heyəti gücləndirməyə hesablanan transferlər etməyə başlayıb. Bu məqsədlə "Mil-Muğan" birinci divizionun iddialı klublarında forma geyinən oyunçulara diqqət göstərir. Artıq "Ağsu"dan Bayram Kərimov, "Araz Naxçıvan"dan Elnur Soltanlı komandaya cəlb olunub. "Kəpəz"dən isə Siyavuş Allahyarlı və Şahin Kərimov İmişli kollektivinə qoşulub. Sonuncu vaxtilə çiyin-çiyinə yeni baş məşqçisi Mətləb Məmmədovla Gəncə klubunda birgə top qovub.
Shares: