"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, yanvarın 18-də Qazaxıstanın "Aktobe" klubuyla oyundan sonra yetirmələrinə bir günlük istirahət verən "İnter"in baş məşqçisi Kaxaber Sxadadze ötən gün komandasını yenidən iki dəfə meydana çıxarıb.
Məşqə başlamazdan öncə "İnter"in direktoru Natiq Məmmədov 20 Yanvar faciəsi barədə məlumat verib və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman anılacağını vurğulayıb. "İnter"in baş məşqçisi Sxadadze də Azərbaycanda 20 Yanvar qurbanlarının xatirəsinin yad edildiyini bildirib və faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səhər məşqi isinmə hərəkətlərilə başlayıb və müxtəlif fiziki hərəkərləri özündə ehtiva edən məşğələlərlə davam etdi. Məşq prosesi qapılara zərbə endirməklə başa çatdı.
Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar. Məşq komandanın ikitərəfli oyun keçirməsilə yekunlaşdı.
Xatırladaq ki, komandamız növbəti yoxlama matçını yanvarın 22-də keçirəcək. Rəqib barədə məlumar veriləcək.





