Xəbər verdiyimiz kimi, Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ötən gün növbəti yoldaşlıq görüşünə çıxıb. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisi Tanzanya çempionatının lideri "Yanq Afrikans" klubu ilə qarşılaşıb.
 
Oyundan öncə hər iki komanda 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və futbolçularımız meydana qara sarğı ilə çıxıb.
 
Görüş "Simurq"un hücumları ilə başlayıb. İlk təhlükəli vəziyyəti də "sarı-qaralar" yaradıb. Ancaq Salif Ballonun başla qapıya göndərdiyi topu rəqib qapıçı dəf etməyi bacarıb. Ancaq bundan sonra Georgi Çixradzenin yetirmələri oyunda üstünlüyü rəqibə veriblər və bu da öz nəticəsini hesabda göstərib. Ard-arda qapıçı ilə üz-üzə qalan afrikalılar bu şansları boşa verməyiblər. Lakin ilk hissənin sonlarına yaxın Anderson bu qollardan birinin əvəzini çıxa bilib və komandalar fasiləyə 2:1 hesabı ilə yollanıb. Məğlub durumda olan "Simurq" ikinci hissə başlar-başlamaz hücuma atılıb və meydana yenicə çıxmış Murad Səttarlı hesabı bərabərləşdirib. Ballonun ötürməsindən sonra U-21-in heyətindən yenicə qayıtmış yeni transfer bu imkanı əldən verməyib. Səttarlı daha sonra dubl etmək şansı yaxalasa da, bu dəfə dəqiq ola bilməyib. İkinci hissədə daha bir neçə dəfə "Simurq"un hesabda önə çıxmaq imkanı olsa da, bunlardan yararlana bilməyib və nəticədə "Simurq" Antalyadakı ikinci yoldaşlıq görüşündən 2:2 hesablı heç-heçə ilə ayrılıb.
 
"Simurq" bu oyuna Pavel Kapsa, Dilaver Zrnanoviç, Anderson Oliveyra, Tural Axundov, Ruslan Poladov, Nicat Qurbanov, Patrik Osiako, Taqim Novruzov, Rəşad Eyyubov, Stepan Polyak, Salif Ballo ilk 11-i ilə çıxıb.
 
Antalyada hazırlıqları davam etdirən "Simurq" təlim-məşq toplanışı proqramına uyğun olaraq bu gün səhər saatlarında daha bir məşqə çıxacaq. Bundan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verəcək.
 
 

Shares: