Futzal üzrə Sloveniya yığmasının baş məşqçisi Andrey Doboviçnik Avropa çempionatı ərəfəsində komandasının şansları haqda danışmaqla yanaşı, rəqibləri haqda da fikrini bildirib. Futbolinfo.az onunla müsahibəni diqqətinizə çatdırır:
 
– AÇ-dən nə gözləyirsiniz?
– Belə bir yarışda iştirak, özlüyündə maraqlıdı. Bu çempionatın da istisna olmayacağına əminəm. Biz fövqəladə güclü rəqiblərlə bir qrupa düşmüşük. Bizə mütləq toparlanmaq və bütün imkanlarımızdan istifadə etmək lazımdı. Bunun nə qədər yararlı olduğunu isə vaxt göstərəcək.
 
– İspaniyaya qarşı yoldaşlıq oyunları nə göstərdi?
– Bizim yaxşı komandamız var. Mən bunu həmişə bildirmişəm. İspanlara qarşı pis oynamadıq. Mən görürəm ki, AÇ-də uğurlu çıxış etmək üçün oyunçulara əlavə səbəblər lazım deyil. Ancaq mən indi heç nə vəd etməyəcəm. İndi hər şey birinci oyundan sonra aydın olacaq.
 
– Rəqibiniz Azərbaycan yığmasının hazırlığı haqda nə isə bilirsiniz?
– Onlar iki dəfə serblərə qarşı oynadılar. Hazırda Serbiya yığması yaxşı vəziyyətdə olmasa da, bu, bəraət deyil. Azərbaycan yığması Avropanın top komandalarındandı. Təcrübəli oyunçulardan təşkil edilib və əksəri “Araz”ın şərəfini qoruyur. “Araz” isə ÇL-in daimi iştirakçısıdı. Ancaq mən əminəm ki, onları məğlub etməyə gücümüz yetər.
Shares: