“Xəzər Lənkəran”ın sabiq futbolçusu Katalin Domanın futbolinfo.az saytına müsahibəsi
 
– Necəsiz?
– Yaxşıyam. Təşəkkür edirəm.
 
– Nə işlə məşğulsuz?
– Klubumla təlim-məşq toplanışındayam.
 
– Azərbaycanı unutmamısız?
– Yox. Heç unudaram?
 
– Ümumiyyətlə, ölkəmizlə bağlı nə xatirələriniz qalıb?
– Çox xatirələrim var. Ən əsası mən Bakını çox yaxşı xatırlayıram. Gözəl şəhər idi. Orada çox gözəl günlərim keçib. Lənkəran isə mənim üçün hələ də doğmadı. Oranın insanlarını unutmaq çətindi. Bizə qarşı çox gözəl və isti münasibət bəsləyirdilər. Həmçinin futbol aşiqi idilər. Onları unutmaq çox çətindi.
 
– “Rapid”də işləriniz necə gedir?
– Mənim üçün burada hər şey yaxşıdı. İndi hazırlıq keçirik. Çox gərgin məşqlər gedir. “Rapid”in heyətində demək olar ki, bütün oyunlarda oynayıram.
 
– “Xəzər Lənkəran” üçün darıxmırsız?
– Əlbəttə, darıxıram. Mənim o klubda 2 gözəl ilim keçib.
 
– Bəs nə üçün komandanı tərk etdiniz?
– “Xəzər Lənkəran”la müqaviləmin müddəti başa çatdı. Səməd Mustafayevə zəng etdim, dedim ki, mən daha 50 min avroya oynaya bilmərəm. Yüz min avro istədiyimi bildirdim. O pulu mənə versəydilər, klubda qalmağa razı olardım.
 
– Bəs o, sizə nə dedi?
– Yaxşı xatırlamıram… Yadıma düşdü. O dedi ki, klub prezdentinə deyim, sonra sənə cavab verərik. Üstündən bir-iki gün keçdikdən sonra mənə bildirdi ki, klub prezidenti o pulu sənə verməyəcək. Azad agentsən, gedə bilərsən.
 
– Bəs Yunis Hüseynov sizinlə söhbət etmədi? Qalmağınızı istəmədi?
– Mən heç Yunis Hüseynovla söhbət etmədim.
 
– Bəlkə o da sizin komandada qalmağınızı istəmirdi?
– İnanmıram. Məncə, Yunis Hüseynov mənim qalmağımı istəyirdi. Amma rəhbərlik o pulu mənə vermək istəmədi.
 
– Mais Məsnimovla özünüz niyə görüşmədiz?
– Əgər nəsə olsaydı, özü məni görüşə çağırardı. Mən fasilə yarandıqdan sonra ancaq Səməd Mustafayevlə söhbət etdim.
 
– “Xəzər Lənkəran”ın oyunlarını izləyirsiz?
– Yox. Amma onlar haqqında xəbərlər eşidirəm.
 
– Mirça Rednik “Xəzər Lənkəran”ı tərk edəndən sonra bu komanda özünə gələ bilmir…
– “Xəzər Lənkəran” heç vaxt Rednikin dövründəki kimi güclü olmayacaq.
 
– Sizcə, Rednikə qarşı haqsızlıq edilmədi ki?
– Onlar peşəkar ola bilərlər. Amma mən Lənkərandan narazı ayrıldım. Bəzi futbolçular var idi ki, heç orada qalmağı haqq etmirdilər. Amma onlar gizli işlər görüb komandada qaldılar. Mən isə ayrıldım. Əgər biz orda qalsaydıq, komanda yenə yaxşı oyun göstərərdi.
 
– "Xəzər Lənkəran"da əlaqələrinizi hələ də saxladığınız, danışdığınız futbolçu var?
– Arada Adrian Skarlatake ilə söhbət edirik.
 
– Nə haqqında söhbət edirsiz?
– Məsələn, ötən mövsüm ilk “altılığ”a düşə bilməməkləri, kubokun finalnda uduzmaqları haqqında danışıb.
 
– “Xəzər Lənkəran”dan gedəndən sonra xəbərlər yazılırdı ki, Doman içki düşkünü olub…
– Bunlar yalandı. Mən gənc futbolçuyam. Hələ 25 yaşım var. Karyeram qarşıdadı.
 
– Redniklə əlaqəniz var?
– Danışırıq. O, məni “Petrolul”da görmək istəyirdi. Amma ora getmək istəmədim. Bu komandada oynamaq mənim üçün problem olardı. Mənim üçün “Rapid” daha yaxşı variant idi.
 
– Bəzi futbolçular komandadan gedərkən onun əleyhinə danışmışdılar…
– Mən Rednik haqqında bir şey düşünürəm: o, əla məşqçi idi. Onun gedişindən sonra “Xəzər Lənkəran”ın nə vəziyyətə düşdüyü göz qabağındadı.
 
– “Xəzər Lənkəran”dan ayrılarkən Azərbaycanda başqa klublardan təklif aldınız?
– Aldım. AZAL rəhbərliyi bu komandada oynamağımı istəyirdi. Amma maliyyə məsələsində razılığa gələ bilmədik. Onlar çox az pul verirdilər.
 
– “Xəzər Lənkəran” azarkeşlərinə sözünüz var?
– Onları unutmamışam. Bu  klubun azarkeşləri Azərbaycanda bir nömrədilər. Onlar daim ürəyimdədilər.
 
ELSEVƏR
Shares: