"Bakı"nın icraçı drektoru Yaşar Seyidovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandanızın hazırlığından razı qaldız?
– Keçirdiyimiz yoxlama oyunları, qarşılaşdığımız Avropa səviyyəli klublar üzərində qazanılan qələbələr bir daha onu göstərir ki, baş məşqçimiz Milinko Pantiç qış fasiləsində "Bakı"nı ölkə çempionatına hazırlamaq üçün bütün lazımı işləri görüb.
 
– Təlim-məşq toplanışı üçün bu dəfə niyə məhz İspaniya seçildi?
–  Ona görə ki, İspaniyada səviyyəli komandalarla qarşılaşmaq imkanı qazanırıq. Oraya Avropanın yüksək reytinqə sahib komandaları gəlir. Bunun üçün İspaniyaya üz tutmuşduq.
 
– "Bakı" niyə transferə ehtiyac duymadı?
– Pantiç qarşısına məqsəd qoyub ki, "Bakı"nın futbol akademiyasında yetişən futbolçuları əsas heyətə cəlb etsin. Bunun üçün də o, akademiyamızdan 8 futbolçunu təlim-məşq aparmışdı. Biz də düşünürük ki, Pantiç düzgün yoldadı.
 
– Belə çıxır ki, Pantiç uzun müddət "Bakı"nın sükanı arxasında qalmağı hədəfləyir?
– Futbolumuzun inkişafını istəyiriksə, gələcəkdə səviyyəli futbolçuların yetişdirilməsini qarşımıza məqsəd qoymuşuqsa, sözsüz ki, Pantiç kimi məşqçilərə Azərbaycan futbolunun ehtiyacı var. Baş məşqçinin komandada qalıb-qalmamasını zaman göstərəcək. Bu, artıq onun qazanacağı uğurlardan, komandanın prezidenti Hafiz Məmmədovun verdiyi qərardan asılıdı.
 
– Qeyd etdiz ki, futbolumuzun inkişafını istəyirsiz. Ancaq hazırda yığmanın ən etibarlı əlcək sahibi Kamran Ağayevi transferə çıxarmısız. Heç bir klub da Ağayevin transferi qarşılığında tələb etdiyiniz məbləği ödəmək iqtidarında deyil…
– Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, vəziyyət heç də düşündüyünüz kimi deyil. Bu gün millinin bir nömrəli qapıçısını transferə çıxarırıqsa bu, o demək deyil ki, biz futbolumuzu düşünmürük. Bu, heç də belə deyil. Bunun da müəyyən səbəbləri var. Ağayevin transferə çıxarılmasının səbəbini biz də yaxşı bilirik, özü də. "Bakı" peşəkar klub olaraq, onun transferə çıxarılmasını rəsmən bəyan edib. Transfer müddəti başa çatana qədər heç bir klub onun xidmətindən maraqlı olmasa, o karyerasını müqaviləyə əsasən "Bakı"da davam etdirəcək. Bu, bütün dünyada qəbul olunmuş qaydadı.
 
– Bəs heç bir klub onu transfer etməsə, Ağayev əsas, yoxsa əvəzedici komandada qalacaq?
– Bu, artıq baş məşqçinin verəcəyi qərardan asılıdı. Pantiç qərar verəcək ki, Ağayev əvəzedici yoxsa, əsas komandada məşq edəcək.
 
– İşdi, Pantiç onu əvəzedici heyətə göndərsə, rəhbərlik olaraq bunu sükutla qarşılayacaqsız?
– Hansısa futbolçunun əsas komandadan əvəzedici heyətə göndərilməsini faciə kimi qələmə vermək lazım deyil. Mənim yadıma gəlir ki, Mixayliçenko Lomonovskinin vaxtında əsas heyətə düşmək üçün neçə il əvəzedici komandada çıxış edib. Əsas komandaya qayıtdıqdan sonra 6 oyun ardıcıl olaraq qol vurdu. Ona görə bu məsələdə qeyri-adi nəsə axtarmaq lazım deyil.
 
– Sizcə, Kamran bu vəziyyətdən çıxış yolu tapa biləcək?
– O, elə-belə futbolçu deyil ki. O, hazırda Azərbaycanın 1 nömrəli qapıçısıdı. Bunun üçün də təkcə futbolçu kimi yox, bütün keyfiyyətləri üzərində çalışmalıdı ki, ona hər zaman etimad, inam göstərilsin.
 
– Bəs Mindauqas Kalonasın transferi nə yerdədi? Onun üçün sizə müraciət edən klublar var?
– "Bakı"ya böyük məbləğ qarşısında gələn futbolçuları sonradan heç bir klub istəmir. Məsələn, "Bakı"da 300 min alan futbolçuya heç bir klub 100 min də vermir. Bunun üçün də transfer məsələsində bir az diqqətli olmaq lazımdı.
 
– Bəlkə, "Bakı" özü futbolçuların qiymətini qaldırır?
– Xeyr. Sadəcə, "Bakı" iddialı klubdu. Kalonas ilk baxışdan yaxşı futbolçudu. Ancaq nədənsə "Bakı"ya gəldikdən sonra bütün keyfiyyətləri arxada qaldı.
 
– Bunun səbəbini nədə görürsüz?
– Bəzi futbolçular və onların menecerləri ciddi düşünməlidilər. Təkcə futbolçunu gətirib müqavilə imzalamaqla iş bitmir. Menecer həm də futbolçunu başa salmalıdı ki, bağladığın müqavilə əsasında sən bu klubun uğurları üçün çalışmalısan.
 
– Yəqin ki, bundan sonra futbolçu ilə müqavilə bağlayarkən xüsusi bəndlər əlavə edəcəksiz…
– Mütləq. Bundan sonra diqqətli olmaq lazımdı. Tam səmimiyyətlə, çəkinmədən bəyan edirəm ki, Azərbaycanda legionerlərin sifariş vərəqəsinə daxil edilməsində ciddi problem var. Ona görə də yaxın günlərdə İcraiyyə Komitəsi qərar qəbul etməlidi ki, sifariş vərəqəsinə 10-dan artıq legioner daxil edilməsin. Təsəvvür edin ki, klubların sifariş vərəqəsində 15-17 futbolçu yer alır. Əgər hər oyunda onların yalnız 7-si meydana çıxırsa, deməli, qalan futbolçulara havayı pul verilir. Bu legionerlər meydana çıxmırsa, onlara pul verməyə dəyərmi?
 
– Belə legioner çoxluğu yaşayan klublardan biri elə məhz "Bakı"dı…
– "Bakı"da yəqin ki, dəyişiklər olacaq. Onsuz da gələn mövsümdən sistem "6+5"di. İndidən gələn ilə hazırlaşmaq lazımdı. Fikrimcə, Pantiç də düzgün yoldadı. Çalışırıq ki, növbəti ildə sifariş vərəqəsində yerli futbolçuların sayı çox olsun. Pantiç özü ilə İspaniyaya hazırlığa apardığı gənc futbolçulardan razı qalıb. Bu da bizi sevindir ki, uzun illərdi çəkdiyimiz əziyyətin bəhrəsini görürük. Həmin futbolçular da növbəti illərdə Azərbaycan futbolunda öz sözlərini deyəcəklər.
 
– Belə başa düşdük ki, "Bakı" hazırda bu mövsümdən daha çox gələn mövsümə xüsusi önəm verir…
– Növbəti mövsümdən tətbiq olunacaq limitlə bağlı indidən iş aparmağa borcluyuq. Bizim bu baxımdan heç bir problemimiz olmayacaq. Düşünürəm ki, AFFA İcraiyyə Komitəsinin atdığı addım düzgün qərardı. Həmin futbolçulara indidən şans verilməlidi. Biz sadəcə olaraq adlara öyrəşmişik. Düzdü, bəzi futbol menecerləri, qara işlərlə məşğul olanlar çalışacaqlar ki, bunun əleyhinə çıxsınlar. Amma bu qərarın faydası çox olacaq.
 
EMİN SƏFƏROV
Shares: