Futbol üzrə Azərbaycan millisinin və "Bakı"nın hüçumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıq necə keçdi?
– Normal hazırlıq keçdik. Birinci dəfə idi ki, təlim-məşq toplanışını İspaniyada həyata keçirdik. Güclü rəqiblərə qarşı oynadıq. Rəqiblərimizin güclü olması isə bizim xeyirimizə oldu.
 
– İspaniyadakı ilə digər ölkələrdə keçdiyiniz təlim-məşqlər arasında nə kimi fərq var idi?
– İspaniyaya gələn klubların əksəriyyəti güclü olur. Ancaq şərait baxımından digərlərindən heç də fərqlənmir.
 
– 5 yoxlama görüşü keçirdiz. Komandanın kapitanı olaraq, oyununuzdan razı qaldız?
– Bütün yoxlama oyunlarına çox ciddi hazırlaşırdıq. Əvəzedici heyətlə oynasaq belə, məşqçimiz  bizə oyunun ciddiliyini bildirir. "Dinamo" və "Styaua" oyunlarına çox yüksək əhval-ruhiyyə ilə meydana çıxmışdıq. Oyundan sonra məşqçi də öz razılığını bildirdi.
 
– Ancaq bu yoxlama görüşündə bir dəfə də fərqlənmədiniz…
– Düzdü, şanslarım oldu, ancaq fərqlənə bilmədim. Əsas odu ki, çempionatda fərqlənim.
 
– Düşünmürsüz ki, yoxlama oyunlarında qol vura bilməməyiniz çempionatda da sizin çıxışınıza təsir etsin?
– Yox, inanmıram belə problem olsun. Çünki "Qarabağ"da oynayanda da təlim-məşq toplanışı zamanı qol vurmurdum. Ancaq çempionat oyunlarında 9-10 dəfə fərqlənirdim. Əsas odu ki, fiziki hazırlığım yaxşı olsun. Bunun üçün də məqşlərdə mütəmadi olaraq çalışıram.
 
– Hazırda turnir cədvəlinin lideri ilə aranızda 9 xal fərq var. Bunu aradan qaldırmaq çətin olmayacaq ki?
– İndiki vəziyyətdə çətindi. Ancaq fikirlərşirəm ki, yeni futbolçulardan təşkil olunmuş komanda kimi avrokuboklara vəsiqə qazansaq, bizim üçün çox yaxşı olar. Düzdü, bu futboldu. Məsələyə real baxanda isə avrokuboklara vəsiqə qazanmağımız mümkündü.
 
– Növbəti turda "Rəvan"la qarşılaşacaqsız. Rəqib komandada baş məşqçi dəyişikliyi oldu. Ümumiyyətlə, həmin oyundan hansı nəticəni gözləyirsiz?
– "Rəvan" surpiriz komandadı. Hər zaman iddialı komandalara qarşı yaxşı mübarizə aparırlar. İnternet vasitəsi ilə "Rəvan"ın oyunlarını izləyirdik. Məşqçi dəyişikliyi hiss olunur. Baxırsan ki, artıq qalib gəlməyə də başlayıblar. Düzdü, birinci oyunlar çətin olur. Ancaq meydana qələbə qazanmaq üçün çıxacağıq.
 
– "Bakı" transfer etmədi. Sizcə, komandanızın transferə ehtiyacı var idi?
– Bəlkə də var idi. Ancaq bu, bizim ixtiyarımızda olan bir şey deyil. Bu məşqçi ilə rəhbərlik arasında olan məsələdi. Bəlkə də indiki vaxtda məşqçinin əlində olan heyət qane edir. Komanda nə qədər güclənsə, bir o qədər yaxşıdı.
 
– Kamran Ağayevlə Kalonasın transferə çıxarılması komandanızın oyunlarına təsir edəcək?
– Kamranın kənarda qalması bizim üçün də xoş deyil. İstəməzdik Kamranla bağlı belə qərar verilsin. Hazırda Azərbaycanda Kamrandan güclü qapıçı yoxdu. Onun "Bakı"da olması bizim üçün də müsbət hal idi. Ancaq bəzən gözləmədiklərin də olur. Allah köməyi olsun. Bilmək olmaz. Bəlkə Kamran yenidən komandamıza döndü.
 
– Bəs Kalonas?
– Kalonas haqda məşqçi və rəhbərlik qərar verib. Göndərilən futbolçular haqda danışmağım düzgün çıxmaz. Çünki, sabah bu hadisə mənim də başıma gələ bilər.
 
– Düşünmürsüz ki, Kalonasın göndərilməsinə aranızdakı söz-söhbət səbəb oldu?
– Mənim heç kimlə problemim olmayıb. Onun psixoloji problemləri var idi. Ola bilər ki, futbolçu keyfiyyətləri üstün olsun. Ancaq futbolda insani keyfiyyətlər də vacibdi. Onda bu baxımdan problemlər çoxdu. O, komandanın bir çox futbolçuları ilə problem yaşamışdı.
 
– Yerli futbolçuların yığışıb baş məşqçi ilə söhbət etmək, Kamranın komandaya qaytarılması ilə bağlı təklif irəli sürmək fikiriniz yoxdu?
– Məşqçi qərar verdikdən sonra durub nəsə demək düzgün deyil. Mən də istərəm Kamran klubda qalsın. Ancaq mən deməklə olmur. Çünki başqa səbəblər var. Kamran kənardan göründüyü kimi deyil. O, tamamilə başqa insandı. Biz hər zaman Ağayevin arxasında olmuşuq. İnanıram ki nəsə olacaq. Hələ ki, gözləyirik.
 
– "Beşiktaş"ın sabiq futbolçusu Koray Avcı saytımıza açıqlamasında bildirmişdi ki, Raufu Türkiyə klublarına təklif etmişik. Bu məsələdə nə kimi yenilik var?
– Düzü, bu məsələdən xəbərim yoxdu. "Bakı" ilə müqaviləm var. Bütün fikrimi öz klubuma yönəltmişəm. İstəyirəm ki, "Bakı" ilə yaxşı nailiyyətlər əldə edim. 
 
– Legioner həyatı yaşamağı düşünmürsüz?
– Legioner həyatı yaşamağı hər bir futbolçu istəyir. Ancaq gedib haradasa ehtiyat oyunçular skamyasında oturmaqdansa, burada qalmaq daha yaxşıdı. Yaxşı təklif və oynamaq şansı daha çox olarsa, onda nəsə fikirləşməyə dəyər.
 
– Bəlkə Türkiyə Super Liqasında oynamaq gücündə deyilsiz?
– Mənim hər zaman özümə inanım olub. Bizdə bu cəhətdən problemlər var. Baxın Ermənistan, Gürcüstandan futbolçular gedib yaxşı klublarda oynayırlar. Bəlkə də bizimkilərdən 1-2 nəfər gedib özünü yaxşı tərəfdən göstərsə, bunu ardı gələcək. Həm də menecerlər baxımından problemlərimiz var.
 
– Düşünmürsüz ki, menecerlər bu məsələdə futbolçudan əvvəl öz marağını güdür?
– Vallah, nə bilim. Bunu hər kəsə şamil etmək olmaz. Elə menecerlər var ki, futbolçunu fikirləşir. Elə menecer də var ki, siz dediyiniz kimi öz maddi marağını güdür. Bizim gedib xaricdə oynamağımız həm də onların işi üçün müsbətdi. Əsas odu ki, 1-2 nəfər çıxıb gedib oynasın. Ermənistanın bir oyunçusu ortaya çıxan kimi, bütün menecerlər ora maraq saldı.
 
– Deyirsiz ki, 1-2 nəfər çıxıb özünü göstərə bilsə… Bax, o 1-2 nəfərin gedə bilməməsinə əsas səbəb nədi?
– Misal üçün, kiməsə şans yaranıb, gedib, ancaq oyunu alınmayıb, qayıdıb. Artıq qıraqdan baxanlar da görür ki, Azərbaycandan futbolçu gətirdik oynaya bilmədi. Deməli bunun hamısı belədi. Bu da futbolumuzun üzərində ləkə kimi qalır.
 
– Gəlin qəbul edək ki, futbolçularımızın özündə də inam yoxdu…
– Düşünmürəm ki, bunda özünə inanmaq böyük rol oynasın. Nəsə başqa problem var.
 
EMİN SƏFƏROV
Shares: