“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandanızın Türkiyədə baş tutan təlim-məşq toplanışından razı qaldız?
– Komandamız yaxşı hazırlıq keçdi. Yoxlama oyunlarını da izlədik. Futbolçuların fiziki durumu yerində idi. Əsas odu ki, məşqçilər razı qalsınlar. Yuri Syominin də açıqlamasını dinləmisiz. O söz verib ki, yaxşı bir komanda quracaq.
 
– Yeni transferlər haqqında nə deyə bilərsiz? Yoxlama görüşlərində onların oyununu görmüsüz…
– İki yoxlama görüşünə baxdım. İlk oyunda nə komanda, nə də yeni transferlər yaxşı təsir bağışladı. İkinci oyunda isə yaxşı oynadılar. Bu oyunda braziliyalı Rafael Santos çox yaxşı çıxış etdi. Yerli futbolçulardan Ruslan Tağızadə də, Tacikistan millisinin üzvü Davron Erqaşev də özlərini çox yaxşı tərəfdən sübut etdilər. Ümumilikdə, normal qiymətləndirirəm. İnanıram ki, yeni gələnlər komandanın gücünə güc qatacaqlar.
 
– “Qəbələ”dən mövsümün ikinci yarısında nə gözləyirsiz?
– Məqsədimiz əvvəldən nə idisə, indi də odu. Çempionluq uğrunda mübarizə aparacağıq. Düşünürəm ki, Syomin Türkiyədəki təlim-məşq toplanışında komandaya nə lazımdısa, hamısını aşılaya bilib. Mənə elə gəlir ki, daha yaxşı komanda görəcəyik.
 
– Toplanışa xeyli gec qoşulan Lenoardo da Silvaya nə cəza verildi?
– Ona gecikdiyinə görə, cəza tətbiq olunub. Leonardo özü də bu cəza ilə razılaşdı. Amma heç bir şeyə baxmayaraq, Türkiyədəki məşqlərdə də, oyunlarda da özünü çox yaxşı tərəfdən göstərirdi. Mənə elə gəlir ki, o, çempionatın ikinci yarısnda da yaxşı çıxış edəcək. Əgər özünü daha yaxşı sübut edərsə, onun əfv olunması haqqında fikirləşmək olar.
 
– Marat İzmaylovu heyətə qatmağa hazırlaşırsız. O, artıq Bakıdadı?
– Bəli, Bakıdadı. Həm futbolçu, həm də agenti bura gəlib. Biz “Porto” ilə də, onun agenti ilə də danışıqlar aparmışıq. Münasibətlər ya bu gün axşama, ya da sabah səhərə qədər rəsmiləşəcək.
 
– İzmaylovun gedişini Azərbaycan üçün səs-küylü transfer adlandırmaq olar?
– Fikrimcə, yox.
 
– Niyə?
– Çünki Azərbaycan çempionatının səviyyəsi artıq o mərhələni keçib. Həm də biz onu mövsümün sonuna qədər icarəyə götürmüşük.
 
ELSEVƏR
Shares: